Aİ ölkələri ticarətə üçüncü ölkələrin iqtisadi təzyiqlərindən qorunacaqlar

Avropa İttifaqı (Aİ) Şurası, üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və iqtisadi təsirlərə qarşı “təzyiq qarşısının alınması aləti” adlı kommersiya cavab mexanizminin yaradılmasını ehtiva edən tənzimləmə ilə bağlı konsensusun əldə edildiyini açıqladı.

İndex.az xəbər verir ki, əldə edilən razılaşmaya iqtisadi məcburiyyətə görə cavab olaraq üçüncü ölkələrə tətbiq edilə biləcək tədbirlərə gömrük rüsumlarının artırılması, idxal və ya ixrac lisenziyalarının tətbiqi, xidmətlərin və ya dövlət satınalmalarının məhdudlaşdırılması kimi müxtəlif ticarət məhdudiyyətləri daxildir.

Müvafiq olaraq, Aİ və ona üzv olan ölkələr üçüncü ölkələrin iqtisadi təzyiqlərindən qorunacaqlar.

Aİ ölkələrinin ticarətinə və ya investisiyalarına təsir edən tədbirləri həyata keçirən və ya həyata keçirməklə təhdid edən xarici ölkələrə müdaxilə ediləcək.

Bu mexanizm üçüncü ölkələri Aİ-yə kommersiya təzyiqindən çəkindirəcək.