“Toyota”dan “Camry” modeli barədə qərar

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor Corporation” Yaponiyadakı dilerlərinə bu ilin sonunda məşhur “Camry” sedanının daxili bazar üçün istehsalını dayandıracağı barədə məlumat verib. Lakin konsern bu modelin xaricə satışını davam etdirmək niyyətindədir.

Bu barədə “Nikkei” şirkətdəki mənbələrə istinadən xəbər verir.

Buna səbəb həmin modelin Yaponiyada satışlarının ildən-ilə azalmasıdır. Belə ki, ötən il Yaponiyada cəmi 6 min ədəd “Camry” satılıb.

İlk nəsil “Camry” Yaponiya bazarına 1980-ci ildə çıxıb. O vaxtdan bəri bu modelin  təxminən 1,3 milyon avtomobili ölkə daxilində satılıb. Dünyada 2022-ci ilin sonunadək bu avtomobillərdən 21 milyon ədəddən çox satılıb. Ən sonuncu – 10-cu nəsil – bazara 2017-ci ildə daxil olub.

Nəşr qeyd edir ki, “Toyota Motor” artıq Yaponiyada “Camry” üçün sifariş qəbulunu dayandırıb.

Hazırda işlənmə mərhələsində olan bu modelin yeni nəsli sırf ixrac üçün istehsal olunacaq.