Keçmiş deputat Moskvada nəhəng hotel tikir

“Karat Holdinq” Rusiyanın paytaxtı Moskva şəhərinin Taqansk rayonu ərzisində yerləşən tarixi binaların yerində hotel tikəcək.

Index.az “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat holdinqin tərkibində fəaliyyət göstərən “Konreys” şirkətinin hesabatında yer alıb. Tanaqsk rayonu ərazisindəki 0.3 hektar ərazi adıçəkilən şirkətə məxsusdur.

Hesabata əsasən, tarixi binaların 2000 kv.m. sahəsi artıq sökülüb.

Şirkət nümayəndəsi bildirib ki, “Karat Holdinq” həmin tarixi binaları 5 il öncə alıb. Əvvəlcə holdinq binaları kirayə verməyi planlaşdırırdı, lakin sonra bu biznesi rentabelli hesab etmədi və hotelin tikintisini məqbul saydı.

Yeni layihənin detalları açıqlanmır. Bilinən odur ki, işlərə artıq start verilib. Hotel 2023-cü ildən etibarən fəaliyyətə başlayacaq.

Əldə etdiyimiz məlumata görə, hotelin ümumi sahəsi 11.3 min kv.m. təşkil edir. Bu sahə özündə 140-150 nömrəni cəmləşdirə bilər.

Ekspertlərin hesablamalarına görə, hotelə 1.2-1.5 milyard rubl (28-35 milyon manat) investisiya yatırılacaq.

Qeyd edək ki, “Karat Holdinq”in sahibi sabiq millət vəkili Əsabil Qasımov, rəhbəri isə onun oğlu Taleh Qasımovdur. Holdinqə daxil olan şirkətlər aqro, tikinti, hotelçilik və digər sahələrdə fəaliyyət göstərir.

Keçmiş deputat Moskvada nəhəng hotel tikir