Sığorta sektorunun aktivləri ötən il 20%-dən çox artıb

2022-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 594 milyon manat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin sonu ilə müqayisədə 20,3% çoxdur.

Bu ilin əvvəlinə sektorun aktivlərinin 719 milyon manatı və yaxud 40%-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 35,2% çoxdur.

O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 38,3% artaraq 632 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 16% artaraq 87 milyon manata çatıb.

Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 3,6% artaraq 319 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 15,5% artaraq 119 milyon manat, digər aktivləri isə 14,7% artaraq 438 milyon manat təşkil edib.