Əhali ötən il istilik xidmətinin 12%-nin pulunu ödəməyib

2021-ci ildə “Azəristiliktəchizat” ASC-də istlik haqlarının yığım səviyyəsi əhali istehlakçı qrupu üzrə 88.2%, qeyri-əhali istehlakçı qrupu üzrə isə 98.4% olub.

Buna da bax: “Azəristiliktəchizat” gücləndirilmiş iş rejiminə keçib

Index.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq qurumun Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

“Əhali istehlakçı qrupu üzrə istilik haqlarının yığım səviyyəsinin nisbətən aşağı olması məcburi köçkün şəhərciyində məskunlaşmış vətəndaşlarımız üzrə istilik haqlarının ödəniş səviyyəsinin aşağı olması ilə bağlıdır”, – deyə o, qeyd edib.

Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarı ilə istilik xidmətinin qiyməti əhali abonentləri üçün 1 m2 yaşayış sahəsi üzrə aylıq 15 qəpik, qeyri-əhali üzrə (sosial obyektlər) 1 m3 isidilən həcm üçün aylıq 25 qəpik təşkil edir. İsti su tarifləri isə 2017-ci il yanvarın 1-dən dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarlıb və faktiki xərclər nəzərə alınmaqla “Azəristiliktəchizat”özü müqavilə əsasında müəyyən edir.