Messinin atası transfer qarşılığında 600 milyon avro istəyib

Lionel Messinin gələcəyi ilə bağlı şok hadisə yaşanıb. “Paris Saint-Germain” ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq argentinalı ulduzun nə qərar verəcəyi səbirsizliklə gözlənilir.

İndex.az xəbər verir ki, PSJ-dən müqavilənin uzadılması təklifi alan, lakin hələ də qəbul etməyən 35 yaşlı futbolçunun “Barselona”ya qayıdacağı və ya MLS komandası “İnter Mayami”yə gedəcəyi ilə bağlı xəbərlər də var. PSJ cəbhəsindən verilən son açıqlamalarda Messi ilə danışıqların davam etdiyi bildirilib. “Barselona”dan dönüşlə bağlı “Bura Messinin evidir, istədiyi vaxt qayıda bilər” istiqamətində açıqlamalar verilib.

Bütün gözlər Messinin qərarına yönələrkən, İspaniyadan bomba iddia gəldi. “El Chiringuito”nun xəbərinə görə, Messinin atası Xorxe Messi Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasının menecerləri ilə transfer görüşü keçirib.

Görüşün fotoları sosial mediaya düşərkən xəbərlərdə “Əl Hilal”ın Messiyə illik 300 milyon avro ödəməyə hazır olduğu, Xorxe Messinin isə 600 milyon avro istədiyi bildirilib.