“Instagram”ın aylıq auditoriyası ilk dəfə 2 milyardı keçib

“Instagram”ın aylıq auditoriyası ilk dəfə 2 milyard aktiv istifadəçini keçib.

İndex.az xəbər verir ki, bu barədə şirkətdəki mənbələrə istinadən “CNBC” yazıb. Qeyd edək ki, sosial şəbəkə 1 milyardı keçdiyi 2018-ci ilin iyun ayından bəri rəsmi rəqəmləri açıqlamayıb və maliyyə hesabatlarında istifadəçi sayı barədə məlumat veriməyib.

Mütəxəssislərin fikrincə, artım “Facebook”un “Meta”ya çevrilməsi fonunda baş verib. Şirkətin nümayəndələri buna şərh bildirməyib.

Dekabr ayında “Instagram”ın baş direktoru Adam Mosseri ABŞ Konqresində sosial şəbəkənin yeniyetmələrə təsiri ilə bağlı çıxış edərkən onun xronoloji xəbər lentinə qayıtmağı planlaşdırdığını açıqlayıb.

Daha əvvəl Mosseri sosial şəbəkədə keçirilən vaxt barədə xəbərdarlıq edən funksiya üzərində çalışdığını söyləyib.