Bolqarıstan Prezidenti: “Azərbaycandan qaz aldığımıza görə məmnunuq”

“Azərbaycandan qaz aldığımıza görə məmnunuq”.

İndex.az xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşü zamanı deyib.

“Çox şadam ki, bu, təkcə enerji sahəsinə şamil edilmir. Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjiidən başlayaq. Bildiyiniz kimi, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir. Məlumat üçün bildirim ki, fevralın 1-də Prezident Vuçiçlə birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar hər ay artır. Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə işləməkdən məmnunuq”, – o, bildirib.

Prezident qeyd edib ki, söhbət təkcə bundan getmir: “Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq”.