"Xalq Bank"ın 22 milyon manatlıq biznes krediti "batır"

“Xalq Bank”ın müştəriləri 24.150 milyon manat məbləğində krediti 1 ildən çoxdur qaytara bilmir.

Bu barədə Index.az bankın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatdan məlum olur ki, yuxarıda göstərilən məbləğdən 22.112 milyon manatı biznes kreditlərinin payına düşür. Bununla yanaşı, daşınmaz əmlak üzrə ayrılan kreditlərdən 1.065 milyon manatı 1 ildən çoxdur banka qaytarılmır. Həmin müddət üzrə qaytarılmayan kreditlərdən 973 min manatı istehlak kreditlərinin payına düşür.

Bankın kredit portfeli 1.4 milyard manatdan çoxdur. Bunun 961.4 milyon manatı biznes kreditlərinin payına, 203.8 milyon manatı istehlak kreditlərinin, 241.8 milyon manatı daşınmaz əmlakın payına düşür.

“Xalq Bank” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364.773 milyon manatdır. Bankın səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 33.85%-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 16.15 %-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.