Çinin sürətli inkişafı nefti bahalaşdırır

Dünyanın ən böyük xam neft idxalçısı olan Çində enerji tələbatının artması gözləntiləri də yüksəldir.

İndex.az xəbər verir ki, Çinin istehsalat fəaliyyətinin yaxşılaşdığını göstərən məlumatlardan sonra enerji tələbatının artacağı ilə bağlı gözləntilər neft qiymətlərini də yüksəldir.

“Qərbi Texas” tipli xam neftin aprel ayı üçün 1 barelinin qiyməti Londonda 0,7% artaraq 78 dollara yaxınlaşıb.

Bu gün açıqlanan məlumatlara görə, Çinin istehsal fəaliyyəti fevral ayında son 10 ilin ən sürətli bərpasını yaşadı. Bu inkişafla yanaşı, mis və bir sıra digər əmtəələrin qiymətləri də artm göstərib.

Əsas neft idxalçılarından biri olan Hindistandan da müsbət xəbərlər gəlib. Ölkədə emal olunmuş neft məhsullarının satışı artıb.

Neft qiymətləri bu il ABŞ-da inflyasiya ilə bağlı sərtləşdirmə siyasətinin davam edəcəyi və ehtiyatları artıracağı ilə bağlı gözləntilərə görə enişə keçib.

“Kotak”ın Əmtəə Araşdırmaları Direktoru Ravindro Rao bildirib ki, dünyanın ən böyük neft idxalçısı olan Çində iqtisadi canlanma qiymətləri dəstəkləməyə davam edə bilər:

“Biz Çinin neft istehlakının pandemiyadan əvvəlki səviyyəyə çatacağını və 2023-cü ildə qlobal neft tələbinə töhfə verəcəyini gözləyirik”.

Qeyd edək ki, “Brent” markalı neftin may ayı üçün olan qiyməti 0,7% artaraq 84,05 dollara satılır.