Bazarlarda pulsuz torba verənlər CƏRİMƏLƏNƏCƏK

Artıq bir müddətdir ki, market və ticarət şəbəkələrində polietilen torbalar müştərilərə pulla (3-5 qəpik) təklif olunur.

İlk günlər alıcılar bu məsələ ilə bağlı narazılıqlarını ifadə etsələr də, artıq “satıcının torba olacaq?” sualına başlarının hərəkəti ilə cavab verməklə kifayətlənirlər. 

Maraqlıdır ki, market və alış-veriş mərkəzlərinin əksinə olaraq bu qayda bazarlarda, ayrı-ayrı fərdlərin satış etdiyi mağazalarda, eləcə də apteklərdə tətbiq olunmur.

Səbəbini öyrənməyə çalışdıq.

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədr müavini Vüqar Nəcəfov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində qaydalar bütün ticarət şəbəkələrinə şamil olunmalıdır:

“Bizim birliyə üzv olan bütün market şəbəkələrində polietilin torbalar ödənişlidir. Bazarlarda, fərdi satış yerlərində şamil olunub-olunmaması bizim səlahiyyətimizdə olmadığı üçün bununla bağlı bir açıqlama verə bilmərəm”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həm bazarlarda, həm də apteklərdə qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ödənişli təqdim edilməlidir.

Qeyd olunub ki, qaydalara əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim olunmalıdr:

“Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.

Eyni zamanda, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır”.

Qeyd edək ki, vətəndaşlar ayrı-ayrı yerlərdə bu qaydalara əməl olunmadğını müşahidə etdiyi halda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “195-1” qaynar xəttinə müraciət edərək məlumat verə bilər.