ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” Meksikada avtomobil istehsalı üçün zavod tikməyə hazırlaşır.
İndex.az xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, “Tesla” Meksikada böyük avtomobil zavodu tikəcək.
İlk mərhələdə investisiyanın ən azı 1 milyard dollar dəyərində olacağı təxmin edilir. Bu sövdələşmə elektrik avtomobil istehsalçısının ABŞ-dan kənarda fəaliyyətini genişləndirmək siyasətini nümayiş etdirir.
2Tesla” CEO-su İlon Mask aylar öncə, “İnvestor Günü” tədbirində yeni fabrik investisiyasını və genişləndirmə planlarını açıqlayacağını bildirmişdi.
Qeyd edək ki, şirkətin ABŞ-ın Kaliforniya və Texas ştatlarında, həmçinin Berlin və Şanxayda avtomobil zavodları var.
Maskın, xüsusilə Asiyada istehsal gücünü azaltmaqla, COVID-19 epidemiyasının yaratdığı geosiyasi gərginliklərdən və tədarük zəncirinin pozulmasından xilas olmaq istədiyi bildirilir.
Məlumatı ilk dəfə Meksikanın xarici işlər naziri Marselo Ebrard “Twitter” vasitəsi ilə açıqlayıb və bunu “14 aylıq səbirli əməyinin nəticəsi” kimi qeyd edib.