Martda hava necə olacaq?

Mart ayına olan hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qışla yaz arasında keçid dövrü olduğundan mart ayında hava şəraiti dəyişkən olur.

Mart ayında havanın orta aylıq temperaturu kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Mart ayının ilk günlərində ölkə ərazisində əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 20-27 mm).