Avropanın ən yaxşı aviaşirkətləri açıqlandı

Macarıstanın aşağıbüdcəli “Wizz Air” şirkəti Avropanın ən pis aviaşirkəti seçilib. Bu, “Which?” Britaniya istehlakçıları hüquqlarının müdafiəsi təşkilatının sorğusu nəticəsində məlum olub.

Səyahətçilər təyyarəyə minmə prosedurları, eləcə də göyərtədəki mühiti və oturma rahatlığı üçün aviaşirkətə beş ulduzdan yalnız bir ulduz veriblər. Onlar qeyd ediblər ki, “Wizz Air” təyyarələrində ayaqlar üçün yer çox dardır.

Bundan əlavə, aşağıbüdcəli aviaşirkət pulun dəyəri, müştəri xidməti, kabin təmizliyi və uçuş zamanı iaşə də daxil olmaqla qalan kateqoriyaların heç birində iki ulduzdan çox almayıb. Ümumilikdə, daşıyıcı 100 mümkün baldan cəmi 48 bal toplayıb.

İrlandiyanın “Ryanair” aviaşirkəti də aşağı bal (52 bal) alıb. Sərnişinlər yemək və içkilərin keyfiyyətini iyrənc adlandırıb, həmçinin oturacaqların rahatlığından və təyyarədəki atmosferdən narazı qalıblar. Bununla belə, onlar aşağı qiymətli aviabiletləri yüksək qiymətləndiriblər.

Sorğuda sonrakı alt pillələri “Eurowings” (53 xal), “British Airways” və “Lufthansa” (hər biri 57 xal) tutub.

Reytinqdə ən yaxşı aviaşirkət isə 80 bal toplayan “Jet2” olub. Türk Hava Yolları kiçik fərqlə (78 xal) ikinci, İsveçrə və Finlandiya Hava Yolları isə üçüncü yeri (hər biri 75 xal) bölüşüblər.