Dünya üzrə mərkəzi bankların böyük bir hissəsinin inflyasiya ilə mübarizəni davam etdirmək üçün faiz dərəcələrini artırmağa davam etməsi qlobal istiqrazların bu il qazanclarını demək olar ki, tamamilə geri qaytarmasına səbəb olub.
İndex.az xəbər verir ki, “Bloomberg”in qlobal istiqraz indeksi bu ayın əvvəlindən çərşənbə axşamına kimi 2,9% azalaraq, yanvar ayında əldə edilən 3,3% qazancın böyük hissəsini itirib.
Ötən ayın göstəricisi indeksin hesablanmağa başlandığı 1990-cı ildən bəri ən yaxşı yanvar göstəricisi kimi qeydə alınıb.
ABŞ-da açıqlanan bütün yanvar məşğulluq, inflyasiya və pərakəndə satış məlumatları FED-in faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacağına dair gözləntiləri dəstəklədi.
“Westpac Banking Corp” sabit gəlir araşdırmasının direktoru Damien Makkoulod bildirib ki, qlobal istiqrazların dəyəri davam edən iqtisadi görünüşünün yenidən canlanması və FED-in cavab funksiyası səbəbindən yaxın həftələrdə daha da düşə bilər.