“Fitch”: “Çində iqtisadi bərpa qlobal artımı yüksəldəcək”

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Çində gözləniləndən daha güclü bərpanın qlobal artıma da fayda verəcəyini bildirib.

İndex.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch”in verdiyi açıqlamada bildirib ki, Çin “sıfır Kovid-19” siyasətindən imtina etdikdən sonra iqtisadiyyatının 2023-cü il üçün artım proqnozu 4,1%-dən 5%ə yüksəlib.

Açıqlamada vurğulanıb ki, Bu il Çində 2021-ci ildə qeydə alınan 8,4%-lik artım kimi güclü canlanma olmayacaq. Çünki qlobal sərt pul siyasəti Çin ixracatına olan tələbi sıxışdırdığından ölkədə makro iqtisadi siyasətin yumşaldılması gözlənilmir.

Bununla yanaşı açıqlamada Çində gözləniləndən daha güclü bir canlanmanın olacağı halda qlobal böyüməyə də fayda verəcəyi, Çinin böyümə proqnozunda təxminən 1 ballıq artımın qlobal iqtisadi görünüş üçün 1,4% artım proqnozunu avtomatik olaraq 0,2 bənd artıracağı bildirilib.

Dünyanın qalan hissəsindəki artımın Çinin son dövrlərdəki güclü böyüməsi ilə müqayisədə daha məhdud olacağına diqqət çəkən “Fitch”, Çinin bu il canlanmasının ilk növbədə şəxsi istehlak xərcləri ilə bağlı olacağını qeyd edib.

Çinin yenidən açılmasının ən çox Çinin istehlak bazarları ilə mal ticarəti və turizm vasitəsilə inteqrasiya edən iqtisadiyyatlara faydası olacaq.