Dörd günlük iş həftəsi işçilər və şirkətlər üçün daha məhsuldardır

Böyük Britaniyada aparılan bir araşdırma göstərdi ki, həftədə dörd gün işləmək işçi və şirkət üçün daha yaxşıdır.

İndex.az xəbər verir ki, “Boston Kolleci” və “Autonomy” beyin mərkəzinin dəstəyi ilə “Kembric Universiteti”nin tədqiqatçıları altı aylıq sınaq müddətində iş vaxtının 20% azaldılmasını həyata keçirmək üçün Birləşmiş Krallıqdakı 61 şirkət və təşkilatla çalışıblar.

Araşdırmada restoranlardan tutmuş informasiya texnologiyalarına və maliyyə şirkətlərinə qədər müxtəlif təşkilatlar iştirak edib.

Altı aylıq araşdırma nəticəsində həftəlik iş vaxtının azaldılmasının məhsuldarlıq səviyyəsinə mənfi təsir göstərmədiyi müşahidə edilib.

“Autonomy” tərəfindən bu həftə açıqlanan yeni hesabatda, iş saatlarının azaldılmasının işçilərin rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı göstərilir.

Bununla belə, işçilər bu sınaq zamanı 71% daha az tükənmişlik və 39% daha az stress yaşayıblar.

Bundan əlavə, araşdırmada iştirak edən şirkətlərdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə götürülmüş xəstəlik vərəqələrinin sayında 65%, kadr dəyişikliyində isə 57% əhəmiyyətli azalma müşahidə olunub.