2023-cü ilin yanvar ayı ərzində Azərbaycanda 3,8 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvarın göstəricisi ilə müqayisədə 21,9 % çoxdur.
Məlumata görə, 2023-cü ilin yanvar ayı ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 316,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. 2022-cü ilin yanvar ayı ilə müqayisədə bu sahədə 8,3 % artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 15,4 % artaraq 35 milyon manat təşkil edib.
Bu ilin yanvar ayı ərzində Azərbaycanda 2 milyard 602,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 8,1 % çoxdur. Bunun 2 milyard 532 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 8,2 % çoxdur.
Bunun 2 milyard 459,5 milyon kVt/saatı istilik elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 9,1 % çoxdur.
Bunun 64,1 milyon kVt/saatı isə su elektrik stansiyalarının istehsalıdır ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 14,9 % azdır.
Hesabat dövründə Azərbaycanda 4,6 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 31,3 % azdır.