İsveçrənin “Institut Redesigning Financial Services” (RSF) analitik mərkəzi Avropada ən varlı xalqları müəyyənləşdirib.
İndex.az xəbər verir ki, Almaniya əhalisinin ümumi şəxsi sərvətinin həcminə görə köhnə qitədə birinci yeri tutub. 2020-ci ildə ölkə sakinlərinin ümumi şəxsi sərvəti 16,4 trilyon avro təşkil edib. Fransa 12,6 trilyon avroluq şəxsi sərvətlə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə isə hər birində əhalinin şəxsi sərvəti 10 trilyon avro olan Böyük Britaniya və İtaliya dayanıb.
Almaniya milyonerlərin sayına görə də Avropada birinci yerdədir. Ölkədə 2,9 milyon milyonçu yaşayır. Sonrakı yerləri Böyük Britaniya və Fransa tutur. Bu ölkələrdə şəxsi sərvətləri 1 milyon avrodan çox olan 2,5 milyon insan yaşayır. 1,5 milyon milyonerin evi olan İtaliya isə üçüncü yerdədir.
Milyonçuların cəmləşməsinə görə İsveçrə 14,1%-lə Avropada birinci yerdədir. Onu Niderland (7,1%), Belçika (5,4%) və Avstriya (4,5%) izləyir.
Eyni zamanda, RSF Avropa ölkələrində şəxsi sərvətlərin bölüşdürülməsində güclü bərabərsizliyin mövcudluğunu da qeyd edib. Bu sahədə ilk yerləri İsveçrə, Hollandiya və Avstriya tutur. İsveçrə əhalisinin 10%-i toplam şəxsi sərvətin 64%-ni öz əlində cəmləyib. Niderlandda bu rəqəm 63%, Avstriyada isə 57%-dir.
Eyni zamanda, ən zəngin isveçrəlilərin 1%-i ölkənin toplam şəxsi sərvətinin 29%-nə sahibdir. Niderlandda bu rəqəm 28% səviyyəsindədir. Üçüncü yerdə 23%-lə Avstriya, Portuqaliya və Böyük Britaniyadır.
Almaniyada əhalinin ən zəngin 1%-i ölkənin məcmu şəxsi sərvətinin 19%-nə nəzarət edir ki, bu da Avropa üçün orta göstəricidir.
RSF öz araşdırmasında sosial bərabərsizliyin artdığını da qeyd edib. Bildirilib ki, 2020-ci ildə başlayan koronavirus epidemiyası Avropa iqtisadiyyatına mənfi təsir göstərib. Belə ki, 2020-ci ildə Avropa ölkələrinin real ÜDM-i 6,4% azalıb. Eyni zamanda avropalıların şəxsi sərvəti 3,9% artaraq rekord həddə – 69 trilyon avroya çatıb.
Mənbə – Oxu.az