Bakıdakı çoxmərtəbəli binalar zəlzələyə nə dərəcədə dözümlüdür?

Bu həftənin əvvəlində Türkiyədə baş vermiş dağıdıcı zəlzələ minlərlə insanın həyatını itirməsinə səbəb oldu. Son məlumatlara görə zəlzələ baş vermiş ərazilərdə 6 mindən çox ev dağılıb. Faciənin miqyası bütün dünyanı dərindən sarsıdıb. Bununla əlaqədar olaraq insanlar yaşadıqları evlərin və binaların zəlzələyə nə dərəcədə dayanıqlı olması ilə bağlı narahatlıq yaşamaqdadırlar. Azərbaycan da bu mənada istisna deyil. Bəs ölkəmizdə binaların zəlzələyə dayanıqlığı ilə bağlı vəziyyət necədir və insanların narhatlığı nə dərəcədə əsaslıdır?

Son 15 ildə tikilən binalarda seysmik təhlükə yoxdur

Mövzu ilə bağlı “Report”a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, respublikada bu gün tikilməkdə olan binalar zəlzələyə dayanıqlıdır.

Onun sözlərinə görə, Azərbaycanda tikinti fəaliyyəti 2013-cü ildə qəbul edilən Tikinti və Şəhərsalma Məcəlləsinə əsasən hazırlanmış müvafiq normativ-hüquqi və normativ-texniki sənədlər və qaydalar əsasında aparılır:

“Bu gün layihələndirmə və tikinti işləri sırf şəhərsalma sənədlərinə əsasən aparılmalıdır. Seysmik ərazilərdə layihələndirmə işləri 2010-cu ildə qəbul edilən “Azərbaycan Dövlət Tikinti Normaları: Seysmik Rayonlarda Tikinti” sənədi əsasında aparılır. 2010-cu ilə qədər seysmik normalar sovet dövründəki qaydalara əsasən aparılırdı. Yeni normativlərə əsasən şərtlər 30-40 %-dək sərtləşdirilib”.

E. Əsədov hesab edir ki, son 15 ildə tikintisinə icazə verilmiş binaların heç birində seysmik təhlükə yoxdur.

Onun sözlərinə görə, respublikanın yaşayış məntəqələrinin bir çoxunun hələlik şəhərsalma sənədi yoxdur: “Bakı, Gəncə o cümlədən bir çox rayon mərkəzlərinin şəhərsalma sənədləri artıq hazırlanıb və ictimai müzakirələrdən keçir. Düşünürəm ki, bu yaxınlarda qəbul edilərək qüvvəyə minəcək”.

Dövlət Agentliyinin rəis müavini qeyd edib ki, Azərbaycanda olan mövcud qanunvericiliyə görə, hər bir binanın sahibi, mülkiyyətçisi, binanın texniki istismarı üçün məsuliyyət daşıyır:

“Mülkiyyətçi binada hər hansı bir problem yaşandığı zaman FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlamalıdır. Əgər problem dövlətin köhnə Mənzil Fondunda yaşanırsa, bu zaman yerli icra orqanlarına müraciət edilməlidir. Məktəblər, poliklinikalar və bu kimi mülki obyektlərdə yaşanan problemlərə isə onların aid olduğu nazirliklər nəzarət edir. Vətəndaşlar da şəxsi əmlaklarının, fərdi yaşayış yerlərinin, gecəqondular da daxil olmaqla, onların vaxtında təmiri ilə bağlı cavabdehlik daşıyırlar. Vətəndaşlar bu kimi problemlər yarandığı zaman yardım üçün Dövlət Agentliyinə müraciət edə bilərlər”.

Baş Planda seysmoloji xəritələr əsas götürülür

E. Əsədov bildirib ki, Bakının Baş Planı işlənərkən Elmlər Akademiyasının Seysmologiya Xidmət Mərkəzinin hazırladığı seysmoloji xəritələr əsas götürülür:

“Məskunlaşma layihələri tərtib edilərkən, şəhərin baş planı işlənərkən və ya mikrorayonlaşdırma zamanı seysmik xəritələrə əsasən yaşayış məntəqələrinin planlaşdırılması həyata keçirilir. Yaşayış binası, stadion, muzey, məktəb, xəstəxana və sair bu kimi mülki obyektlərin layihələndirilməsi zamanı ilk növbədə müvafiq ərazilərdə geoloji axtarış işləri aparılır, süxurlardan nümunələr götürülür, həmin süxurların yükgötürmə qabiliyyəti araşdırılır və bunun əsasında süxurların yükgötürmə potensiyalı və ərazinin seysmik xəritəsi müəyyən olunur.

Buna uyğun olaraq ərazidə tikiləcək binanın zəlzələ zamanı neçə bala uyğun olması məlum olur. Mühəndis və geoloqların ərazidən əldə etdikləri nəticələr Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində olan Geoloji Mərkəzə təqdim olunur. Mərkəz geoloji işlərin düzgün aparılması ilə bağlı bir daha araşdırma aparır və daha sonra hazırlanan hesabat layihəçilərə təqdim olunur. Layihələndirmə başa çatdıqdan sonra Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edilir. Yekun layihə sənədləri yoxlandıqdan sonra tikintinin aparılması üçün rəy verilir. Yalnız bundan sonra yerli icra orqanları və ya Bakı şəhəri üzrə Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə başlamaq üçün icazə verir”.

Bakıda qəzalı binaların aqibəti necə olacaq?

Paytaxtda qəzalı vəziyyətdə olan binalarla bağlı danışan E.Əsədov qeyd edib ki, bu problem qısa zamanda həll ediləcək qədər sadə deyil:

“Dövlət tərəfindən müvafiq işlər aparılır. Təbii ki, bu kifayət qədər vəsait tələb edən məsələdir. Bunu bir gündə həll etmək mümkün deyil. Son zamanlar məsələ ilə bağlı keçirilən pilot layihələrdə təkcə dövlətin yox, həm də investorlar sayəsində bu sahədə işlər aparılır”.

Bakıda sürüşməyə meyilli ərazidə tikilən binalar təhlükə yaradır

Əmlak eksperti Elnur Fərzəliyev “Report”a bildirib ki, bu gün Bakıda 100-dən artıq çoxmənzilli bina aidiyyəti qurumlar tərəfindən qəzalı vəziyyətdə olması ilə bağlı qeydiyyata alınıb.

O qeyd edib ki, Bakı və Abşeron ərazisində minlərlə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan binalar var:

“Köhnə binaların qəzalı vəziyyətdə olmasına bir çox səbəb var ki, onlardan biri həmin binaların zirzəmilərinin böyük hissəsinin çirkab suları ilə dolması, binalara olunan əlavə artırmalar, konstruksiya dəyişikliyidir. Binaların birinci mərtəbələrinin sökülərək qeyri-yaşayış obyektlərinə çevrilməsi və bəzi binalarda zirzəmilərin qazılıb, təməlinə gedərək əlavə qapı və pəncərələrin açılması bu binaları daha da qəzalı vəziyyətə gətirib çıxarır”.

Ekspert vurğulayıb ki, Bakı seysmik zonada yerləşməsə də, burada sürüşməyə meyilli torpaq əraziləri var və bunlar təhlükə yaradır:

“Düşünürəm ki, təhlükəli binaların qısa müddətdə sökülərək yeni tikili binalarla əvəzlənməsi və ya müəyyən bərkidilmə, bərpa işlərinin aparılması çox vacib məsələdir. Təbii ki, bu binaların hamısı qısa müddət ərzində sökülə bilməz, bu, fiziki olaraq mümkün deyil. Müəyyən tədbirlərlə onların ilini uzatmaq olar”.

Binalar arasındakı məsafəyə ciddi nəzarət olunmalıdır

E.Fərzəliyev qeyd edib ki, son zamanlar yeni tikili binalara aidiyyəti qurumlar tərəfindən nəzarət gücləndirilib:

“Tikinti prosesi müəyyən olunmuş standartlara uyğun olmalıdır. Bəzi ərazilərdə isə sırf massiv məqsədi ilə tikilmiş hündürmərtəbəli binalar var ki, onlardan bir neçəsi keyfiyyətsiz olarsa, zəlzələ zamanı uçqunlar ola bilər. Bir keyfiyyətsiz bina ona yaxın digər binaya da böyük fəsadlar verə bilər. Bu onu deməyə əsas verir ki, yaxın illərdə tikiləcək binaların keyfiyyətinə və binalar arasındakı ara məsafələrə daha ciddi nəzarət etmək lazımdır”.

Ekspert binalarda zirzəmilərin möhkəmliyinin və əlavə sığınacaqların tikilməsinin vacib olduğunu vurğulayıb:

“Təbii fəlakətlər zamanı insanlar evakuasiya olunaraq bu yerlərə girib, müəyyən müddət qala bilərlər. Dünya təcrübəsində sığınacaq kimi daha çox metro stansiyalarından, yeraltı keçidlər və xüsusi tikilmiş sığınacaqlardan istifadə olunur”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.