Yeni direktor: "Burada heç internet sistemi yox idi"

“Burada demək olar ki, işimiz çoxdur”.

İndex.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı İdman Sarayının yeni direktoru Əli Əsgərov deyib.

Əsgərov iki həftə ərzində gördükləri işlərə diqqət çəkib: “Burada heç internet sistemi yox idi. Mən gələn kimi bunu həll etdim, mühafizəni sistemləşdirdim. Aşağı mərtəbədə idman zallarını yavaş-yavaş formalaşdırırıq. Çalışırıq ki, iş getsin. İki həftə ərzində çox iş görmüşük”.

O, müasir və standartlara uyğun işlər görəcəklərini bildirib: “Məni bu vəzifəyə gənclər və idman naziri Fərid Qayıbov təyin edib. Məqsədimiz çoxdur. Bu idman kompleksini qaldırmaq, 5 ulduzlu otelin servisini qurmaq istəyirik. Müasir və standartlara uyğun işlər görməli, struktur qurmalıyıq”.

Əsgərov idman obyektində yeni təyinatların olacağını söyləyib: “İş prosesi böyüdükcə təyinatlar olacaq. Biz mühafizəni müasirləşdirməliyik. Burada mühafizə sistemi bir az köhnədir, yenidən quracağıq. Çox danışmaq istəmirəm. Çünki elə çıxacaq ki, məndən əvvəl bura pis vəziyyətdə idi, indi gəlib oranı düzəldirəm”.

Yeni direktor özü barədə də danışıb: “47 yaşım var, onun 27 ilini ölkə xaricində yaşamışam. Dövlət işlərində, strateji obyektlərdə çalışmışam. Boks, kikboksinq, cüdo və karate ilə məşğul olmuşam. Həmişə idmanla əlaqəm olub. Son olaraq “Azərişıq”da satışa nəzarət idarəsində rəis müavini kimi çalışmışam”.