Gələn aydan bütün pensiyalar artacaq – MƏBLƏĞ

Dövlət Statistika Komitəsi ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artaraq 724,1 manat olduğunu açıqlayıb.

İndex.az xəbər verir ki, 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablanırdı. 2018-ci ildən etibarən isə əmək pensiyalarının sığorta hissəsi Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir.

Məlumat üçün bildirək ki, bu ilin ilk 5 ayı ərzində əmək haqqı azalıb. Ən yüksək artım (2,9%) isə noyabrda qeydə alınıb.

Xatırladaq ki, minimum əmək haqqı və müxtəlif sahələrdə çalışan işçilərin əmək haqqının artırılması yanvar ayının 1-dən tətbiq olunub. Bu səbəbdən də dekabr ayında orta aylıq nominal əmək haqqının ciddi şəkildə artacağı gözlənilmir. Belə olan təqdirdə, bu il üçün əmək pensiyalarının sığorta hissəsinin artımı 3%-dən yüksək olmayacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında orta aylıq nominal əmək haqqının nə qədər artdığını Statistika Komitəsi bu ilin fevral ayının ilk ongünlüyündə açıqlayacaq. Bu artım açıqlandıqdan sonra yanvar ayının artımı da fevral ayının pensiyası ilə birgə veriləcək.
Qeyd etdiyimiz kimi, artım təxminən 3% həddində olacağı üçün 250 manat pensiya alanlarda 7,5 manat, 300 manat pensiya alanlarda 9 manat, 350 manat pensiya alanlarda isə 10,5 manat həddində artım ola bilər.

Mənbə – Yeniavaz