Azərbaycanda evlərin qiyməti bahalaşa bilər

“Güzəşt uzadılmasa, depozitlər azalar və əvəzində daşınmaz əmlak bazarında bahalaşma ola bilər”.

İndex.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, sabah vaxtı bitən vergi güzəştinin olduğu maddəyə (102.1.22) görə, insanların bankalara qoyduqları depozitlərdən əldə etdiyi illik faiz gəlirləri 7 il müddətinə vergidən azad edilirdi:

“Bu güzəşt 2016-ci ildə qəbul edilib. Səbəb isə həmin il bir çox güzəştlərin edilməsinə zərurət yaradan devalvasya idi. 2015-ci ildə olan devalvasiyanın iqtisadiyyata dağıdıcı təsirini azaltmaq üçün bir sıra tədbirlər görüldü ki, bunlardan da biri depozitlərdən gələn faiz gəlirlərinin vergidən azad edilməsi oldu. Amma bunun da sabah vaxtı bitir.  Sözügedən güzəşt insanların banklara depozit yatırmasının həcmini artırdı. Yeddi il ərzində fiziki şəxslərin 8,8 milyard manat əmanəti 33%-dən çox artaraq 11,7 milyard manata qalxdı”.

Ekspert qeyd edib ki, bu güzəştin bitməsi geri effektlər yarada, əmanət həcmlərinin azalmasına gətirib çıxara bilər:

“Bankların təqdim etdiyi depozit faizlərini onsuz da inflyasiya yeyir. Digər tərəfdən də güzəştin aradan qalxması ilə insanların öz əmanətlərini daşınmaz əmlaka yönəldəcəkləri daha real görünür. Çünki bankların təklif etdiyi faizlər qarşılığında inflyasiya və vergi  daşınmaz əmlakı daha səmərəli yatırım istinadına çevirir. Bu isə tələbin artması fonunda daşınmaz əmlak bazarında qiymət artımlarını mart-aprel aylarına doğru hiss etdirməyə başlayacaq”.