Dövlət Vergi Xidməti ödəyiciləri şikayətdən belə çəkindirəcək

Vergi qanunvericiliyində maraqlı yenilik gözlənilir.

Index.az xəbər verir ki, məcəlləyə əlavə ediləcək yeni maddəyə əsasən, Vergi Xidməti vergi yoxlamasının nəticələrindən şikayət edən ödəyəciyinin fəaliyyətinin istənilən hesabat dövrünü yoxlamaq hüququ əldə edəcək.

Bu 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Vergi ekspertləri hesab edir ki, bu yeniliyi tətbiq etməklə, Dövlət Vergi Xidməti vergi ödəyicilərini şikayət etməkdən çəkindirmək niyyətindədir.

Məcəlləyə ediləcək dəyişiklik bundan ibarətdir:

“38.3.9. Aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında:

38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;

38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;

38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə.

Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz”. (Fed.az)