Üçüncü vaksini vurdurmayanlar avtobusa bilet ala bilər?

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bilet satışı bu günə qədər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən həyata keçirilir.

İndex.az Trend-ə istinadən xəbər verir ki, bunu BBAK-dan bildiriblər.

“COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər bilet ala bilərlər. Yəni 3-cü dozasının vaxtı çatmayan,2-ci peyvəndin olunma tarixindən 6 ay keçməyən hər bir vətəndaş bilet ala bilər”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Beləliklə, bununla əlaqədar restoran, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda da yeni tələb qüvvədə olacaq.