Vergi borcu olan sahibkarların bank hesablarına sərəncamın qoyulmasının aradan qaldırılması müzakirə oluna bilər.
İndex.az xəbər verir ki, bununla bağlı Nəqliyyat-ekspedisiya şirkətləri Assosiasiyası Dövlət Vergi Xidmətinə təklif verib. Sahibkarların sözlərinə görə, bəzi şirkətlərin 2-3 bankda hesabı mövcuddur. Vergi borcu olanda və ya hansısa maliyyə sanksiyası tətbiq olunanda DVX hər 3 hesaba sərəncam qoyur və borc məbləği eyni vaxtda bütün hesablardan silinir.
“Dünya praktikasında görürük ki, məhkəmə qərarı olmadan sahibkarın hesabından heç bir vəsait silinə bilməz. Təklif edirik ki, bu təcrübəni vergi nəzarəti alətlərindən götürülməsi nəzərdən keçirilsin. Dövlət Vergi Xidmətinin bu qədər elektron alətləri olduğu halda, daha effektiv nəzarət alətləri istifadə oluna bilər. Bununla sahibkarların təqsirsizlik prizumpsiyası qorunmuş olar. Eyni zamanda vəsait mübadiləsi qorunar, bznesə pozitiv təsiri olar”.
Məsələyə münasibət bildirən Dövlət Vergi Xidmətinin Samirə Musayeva vergi ödəyicilərinin borclarının alınması alətlərindən biri kimi bank hesablarına sərəncamların qoyulmasının ən effektiv alətlərdən biri olduğunu deyib:
“Amma heç bir alət heç bir halda sahibkarın öz mənafeyini qorumaq, müdafiə etmək üçün qanunla müəyyən edilən imkanlardan istifadə etdiyi müddətdə pul vəsaitindən məhrum olmasına gətirib çıxara bilməz. Elə ona görə də vergi qanunvericiliyinin müddəaları təsbit edir ki, vergi ödəyicilərinin borcu yaranırsa və onun özünün könüllü bəyan etdiyi bir borc məbləği deyilsə, yəni vergi orqanının hesablaması nəticəsində bu borc yaranırsa, vergi orqanı sahibkarın bank hesabından həmin məbləği silmir. Vergi ödəyicisinin qanunla müəyyən edilmiş mübahisə müddətində hesabı dondurur. Ödəyici mübahisəni başlayırsa, inzibati səviyyədə və ya məhkəmə müstəvisində həmin mübahisə yekunlaşana qədər vergi ödəyicisinin bank hesabındakı vəsait silinmir. Eyni yanaşma daha sonra 2019-cu ilin dəyişikliklərində həm də ƏDV depozit hesabına münasibətdə də tətbiq olundu”.
Təqsirsizlik prizumpsiyası ilə bağlı sahibkarların fikri ilə razılaşan S.Musayeva bu fikri dəstəkləyən normaların Vergi Məcəlləsində nəzərdə tutulduğunu bildirib. Həmin nəzarət alətinin ümumiyyətlə aradan qalxması ilə bağlı təklifi müzakirə edə biləcəklərini deyib.
Xatırladaq ki, beynəlxalq daşımalarda nəqliyyat-ekspedisiya xidmətlərinə görə də ƏDV 0% dərəcə ilə hesablanır.