BP şirkəti daha çox gəncləri işə götürməyə, bu məsələdə xüsusilə yeni məzun olmuş şəxslərə üstünlük verməyə çalışır.
İndex.az xəbər verir ki, bunu Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən II İllik İnnovasiya Sammitində şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
“Savadlı insanları əməkdaşlığa cəlb etməklə bağlı müəyyən stereotiplər formalaşıb. Hesab edirəm ki, enerji şirkəti üzərinə bir sıra öhdəliklər götürməlidir. Məsələn, BP olaraq biz 2050-ci ilə qədər “Zero carbon” siyasətini həyata keçirməyi, məlumatları “cloud” (bulud) sisteminə yükləməyi öhdəlik kimi götürmüşük. Hesab edirəm ki, gənc nəslin savadı, biliyi yaşlı mühəndislərin təcrübəsi ilə birləşdikdə çox yaxşı nəticə ortaya qoyula bilər”, – deyə o qeyd edib.
BP rəsmisi bu gün “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınmasının hasilatın artımına təsir edə biləcəyini də qeyd edib: “Bu isə gəlirin artması deməkdir və həmin vəsaitin bir hissəsini yenidən dekarbonizasiyaya yatıra bilərik”.