“Ölkə başçısının təlimatına əsasən, 2024-cü ilə qədər internetə çıxışın bütün ölkə üzrə təmin edilməsi nəzərdə tutulub”.
İndex.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İllik İnnovasiya Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, son bir il ərzində 500 mindən çox ev yüksəksürətli internetlə təmin edilib:
“Bu, ötən illərdə görülən işlərlə müqayisədə çox yaxşı nəticədir. “Hər kəsi bərabər şəkildə xoşbəxt etmək, razı salmaq lazımdır” – bu bizim şüarımızdır. Tələbə vaxtı, yadıma gəlir, deyirdilər ki, maliyyə naziri hər kəs üçün bərabər şərait yaratmalıdır.
Ümumilikdə qarşımızda bir neçə məsələ durur. Əsas budur ki, əqli mülkiyyətin qorunmasını necə təmin etməliyik? Bu sahədə tənzimləmələrlə böyük şirkətləri innovasiyalara daha çox təşviq etmiş oluruq. Qanunvericilikdən asılı olaraq bu şərait 30-40 il ərzində qüvvədə olacaq”.
Nazir qeyd edib ki, PR-a ciddi nəzarət edib, sərt qaydalarla işləməliyik:
“Düşünürəm ki, bu istiqamət vergiyə də şamil edilməlidir. İnnovasiyaların təşviqindən danışırıqsa, vergi ən sonda nəzərə tutulur. Əsas odur ki, biz ətrafdakı ölkələrdən geri qalmayaq. Bu istiqamətdə gömrük qurumları, vergi xidməti ilə bir araya gəldik. Düşünürəm ki, ilin sonuna qədər qəbul ediləcək yeni layihə bu yolda bizə önəmli dayaq nöqtəsi olacaq”.