Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto bir yutuberin sifətinə təpiklə zərbə vurub.

Index.az xəbər verir ki, hadisə Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya oyunundan sonra baş verib.

“Sambaçılar”ın 4:1 hesablı qələbə qazandığı qarşılaşmanı tribunadan izləyən Kamerunun əfsanəvi futbolçusu stadionu tərk edərkən onu lentə alan əlcəzairli yutuberin üzərinə hücum çəkib.

Ətrafdakılar Etonu sakitləşdirməyə çalışsalar da, əsəblərinə hakim ola bilməyən 41 yaşlı sabiq hücumçu həmin şəxsi təpiklə vurub.

Qeyd edək ki, Samuel Eto 2021-ci ilin dekabrından Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.