“Serbiyanın udmasını istəyirəm, çünki Prezidentin təyyarəsini F-16-larla müşayiət etdilər”

“Hər zaman Braziliya üçün azerkeşlik etmişəm. Amma indi Serbiyanın udmasını istəyirəm. Çünki, Serbiya Azərbaycan Prezidentini yüksək səviyyədə qarşıladı, F-16-lar Azərbaycan Prezidentinin təyyarəsini müşaiyət edib qəbul etdi və yola saldı. Bu, Azərbaycana göstərilən hörmət idi”.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Braziliya – Serbiya matçına şərh bildirərkən deyib.

“Qoy qalib Serbiya olsun. Amma Braziliya çox güclü təsiri bağışlayır. Sadəcə, mən mövqeyimi açıqladım”, – deputat bildirib.

Məlumat üçün bildirək ki, açıq mənbələrdəki məlumatlara görə Serbiya ordusu F-16 qırıcılarına sahib deyil.
Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində ötən gün Braziliya – Serbiya matçı baş tutub. Oyun sambaçıların 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.