Mərkəzləşdirilmiş istilik sistemi tarixə qovuşa bilərmi?

“İstilik təchizatı üçün alternativ sistemlərin çoxalması, o demək deyil ki, gələcəkdə mərkəzləşdirilmiş istilik sistemi ləğv ediləcək və icbari formada konkret bir alternativ sistemdən istifadə tətbiq olunacaq”.

İndex.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış növsmü ilə bağlı keçirdiyi brifinqdə bildirib.

“Bəli, bu gün istilik təchizatı üçün kifayət qədər alternativ sistemlər var. Misal olaraq mənzildaxili sistemləri, binaların damında quraşdırılan sistemləri, bərpa olunan enerji qurğularını və nəhayət kombi sistemini göstərmək olar. Hesab edirəm ki, gələcəkdə bu sahədə icbari olaraq konret bir sistem tətbiq edilməyəcək. İnsanlar seçim edəcəklər. Hansı sistem onlara daha uyğundursa, hansı sistem qiymət baxımından əlverişli və istehlakçının tələbatını ödəməyə qadirdirsə, onu da seçəcəklər. Gələcək ancaq bu istiqamətdə qurula bilər. Kimsə desə ki, biz gələcəkdə icbari şəkildə mərkəzi istilik sisteminə və ya kombi sisteminə keçəcəyik, bu düzgün yanaşma olmaz”.

İ.Mirzəliyevin fikrincə, gələcək üçün daha çevik, daha lokal idarə olunan və özəl sektorlar üçün cəlbedici olan sistemlər daha aktual ola bilər: “Dövlət uzun müddət bu sahəyə vəsait və ya subsidiiya qoymağa borclu deyil. Mərkəzləşdirilmiş sistemdən istifadə elə inkişaf etməlidir ki, bizim gəlirlərimiz xərclərimizi bağlasın və digər sistemlərlə də rəqabət aparmaq imkanımız olsun. “Azəristiliktəchizat” olaraq o rəqabəti apara biləcəyiksə, bazarda qalıb fəaliyyət göstərəcəyik. Apara bilməyəcəyiksə, deməli hansısa başqa işlə məşğul olacağıq”.