
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 774,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çox vəsait yönəldilib.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 13,5% azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,8 % artıb.
Hesabat dövründə istifadə olunmuş vəsaitin 6 585,4 milyon manatı və yaxud 55,9%-i məhsul istehsalı sahələrinə, 4 457,5 milyon manatı və yaxud 37,9%-i xidmət sahələrinə, 731,6 milyon manatı və yaxud 6,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
9 aylıq investisiya qoyuluşunun 9 043,3 milyon manatını və yaxud 76,8%-ni daxili vəsaitlər təşkil edib, 8 663,9 milyon manatı və yaxud 73,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2%, büdcə vəsaitləri 36,3%, əhalinin şəxsi vəsaitləri 7,8%, sair vəsaitlər 3,9%, bank kreditləri isə 2,8% paya malik olub.