
“Sərhəddənkənar ərazilərdə baş verənlər Azərbaycanda idxal inflyasiyasının artmasına, xüsusilə də qiymət artımına səbəb olub. Bu da ən çox sosial müdafiəyə ehtiyacı olan insanların proseslərdən daha çox zərər çəkməsinə gətirib çıxarır”.
İndex.az xəbər verir ki, bunu deputat Mahir Abbaszadə Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda deyib.
Onun sözlərinə görə, ünvanlı sosial yardım məbləğinin artırılması da ona imkan verəcək ki, onların iqtisadi vəziyyətlərinin normallaşmasına zəmin yaradacaq.
M.Abbaszadə həmçinin vurğulayıb ki, gələn ilin dövlət büdcəsindən sosialyönümlü xərclər ümumi büdcənin təxminən 45 %-ni təşkil edir: “Bu da o deməkdir ki, bu il xərclənən hər il 100 manat vəsaitin 45 manatını məhz sosial müdafiənin gücləndirilməsinə xərclənəcək”.