ARDNF AÇG-dən gəlirlərini 80 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 8 milyard 326 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

İndex.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin 10 ayı ilə müqayisədə 3 milyard 713,9 milyon ABŞ dolları və yaxud 80,5 % çoxdur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb.

2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb.

Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.