Dövlət Neft Fondu “Şahdəniz”dən gəlirlərini bir ildə 3 dəfəyədək artıb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 209 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

İndex.az Fonda istinadən xəbər verir ki, bu, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 747,079 milyon ABŞ dolları və ya 2,6 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin 10 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 461,921 milyon ABŞ dolları təşkil edib.

Bu ilin 10 ayı ərzində Dövlət Neft Fonduna daxil olan vəsaitlərin 328,567 milyon ABŞ dolları kondensatın payına düşüb.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb.

“Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “LUKoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).