
Bu ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC 73,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, bu, 2021-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 6,6 milyon ABŞ dolları və ya 8,2 % azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.