“Çingiz Abdullayevin davranışı qanunla qadağandır” – VİDEO

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Baku TV-nin əməkdaşının Xalq yazıçısı Çingiz Abdullayevə qurultayın təşkil edilməsi üçün xərclənən vəsaitlə bağlı sual ünvanlamasını tərbiyəsizlik adlandırıb.

Media eksperti Müşfiq Ələsgərli sözügedən qalmaqalla əlaqədar Baku TV-yə açıqlamasında qeyd edib ki, müxbirin Ç.Abdullayevə ünvanladığı sual nə qanunlarla, nə etik kodekslə, nə də beynəlxalq konvensiyalarla qadağan deyil.

“Hətta hansısa jurnalist yayılması məqbul olmayan, yaxud həssas yanaşılması lazım olan mövzuda da sual verə bilər. Amma bu o demək deyil ki, qarşı tərəf ona aqressiv və aşağılayıcı formada cavab verməlidir”, – deyə ekspert əlavə edib.

M.Ələsgərlinin sözlərinə görə, Ç.Abdullayevin davranışı jurnalistin fəaliyyətinə mane olmaq, informasiya almaq hüququnu pozmaqdır və qanunla qadağandır.