
Xaçmaz rayonunda beş mindən çox əhalinin yaşadığı kəndlərin yol problemi uzun illərdir davam edir. Problem rayonun Müşkür, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli, Şərifoba və Xəzərli kənd sakinləri üçün əsl müşkülə çevrilib. Çətin gediləsi və təmirsiz yollar həmin kəndlərlə rayon arasında əlaqənin bir qədər də uzaqlaşmasına gətirib çıxarıb. Yol infrastrukturunun bərbad vəziyyətdə olması isə sakinlərin gündəlik həyat tərzinə də mənfi təsirlər göstərib.
Bununla bağlı “Report”un Şimal bürosuna müraciət edən kənd sakinləri bu problemlə uzun illərdir üz-üzə qaldıqlarını bildiriblər.
Onların sözlərinə görə, yay aylarında toz-torpaq, qış aylarında isə yağışlar bu yolları daha da keçilməz edir. Yolun asfaltla örtülməməsi səbəbindən yağış suları torpaq qatını yuyaraq geniş çalalar əmələ gətirib və bu da hərəkəti bir qədər də çətinləşdirib. Qeyd olunub ki, xüsusilə qış aylarında həmin çalalar yağış suları ilə dolduğu üçün görünmədiyindən nəqliyyat vasitələrinin tez zamanda sıradan çıxmasına gətirib çıxarır. Bu isə kənd sakinlərinin rayon mərkəzinə gedib-gəlməsinə xeyli əngəllər törədib.

Bundan əlavə, valideynlər söyləyirlər ki, yolun bərbad vəziyyətdə olması şagirdlərin payız-qış aylarında məktəbə gedib-gəlməsində, çağırılan təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin avtomobillərinin hərəkətinə çox böyük çətinliklər yaradır. Sakinlər bununla bağlı dəfələrlə Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problemin həllinə nail ola bilməyiblər. Keçilməz yolların nə zaman təmir ediləcəyi isə hələ də müəmmaya çevrilib. Kənd sakinləri bildiriblər ki, yollar sonuncu dəfə keçmiş sovetlər dövründə təmir edildiyindən artıq xeyli vaxtdır istismar müddəti bitmiş sayılır. Yolların bərbad vəziyyətinə görə çox əziyyət çəkdiklərini deyən sakinlər həm də kənd təsərüfatı məhsullarını rayon mərkəzinə aparmaqda çətinlik çəkdiklərini vurğulayıblar.

“Əhmədoba rayonun böyük inzibati ərazi vahidliklərindən biridir. Rayon mərkəzindən bura məsafə təxminən 10 km-dir. Amma heç vaxt normal təmirli yolumuz olmayıb. Bu palçıqlı yollarda uşaqlarmız məktəbə gedirlər. Valideyn olaraq, bu vəziyyət bizi çox narahat edir. Bir neçə dəfə şəxsi vəsatimiz hesabına kənd sakinlərindən pul toplayıb yollara daş tökdürdük. Amma bir neçə dəfə güclü qar və yağış yağdıqdan sonra daşlar yuyulub getdi. Ona görə də biz belə düşünürük ki, rayon mərkəzinə yaxın olan kəndimiz dövlət qurumları tərəfindən unudulub. Dəfələrlə müraciət etsək də, problemi həll etməyə səlahiyyətli qurum tapa bilmirik, çünki kimə deyiriksə, boynundan atır”, – kənd sakinləri əlavə ediblər.
