Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində enerji içkisi olmayan içkilərin enerji içkisi kimi təqdim edilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görüb, əksər ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsini təmin edib.
İndex.az xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, monitorinqlər zamanı enerji içkiləri ilə bağlı əsasən iki növ uyğunsuzluq aşkarlanır: “Əsas uyğunsuzluq enerji içkisi olan məhsulların markalanmasında ciddi pozuntuların olması və enerji içkisi olmadığı halda üzərində enerji içkisi təəssüratını yaradan ifadələrdən istifadə edilməklə istehlakçıların aldadılmasıdır. Markalanmasında ciddi pozuntular olan 2 enerji içkisinin geri çağırılması, 5 istehsalçıya məxsus sərinləşdirici içkinin markalanmasında enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması üzrə tədbirlər görülüb, ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib”.
Q.Təhməzli həmçinin aparılan yoxlamalarda şəkər tozu və qənd məhsullarında kükürd dioksid (SO2) miqdarının normadan artıq olmasının aşkarlanması ilə bağlı da məlumat verib: “Monitorinqlər çərçivəsində 12 istehsalçıya məxsus məhsullarda kükürd dioksidin kütlə payının normadan artıq olması müəyyənləşdirilib. Bununla bağlı bütün müvafiq nəzarət tədbirləri görülüb. Görülmüş tədbirlərin nəticəsi olaraq, ümumilikdə, müəssisələr tərəfindən 1097 kq məhsul geri çağırılıb və bundan 547 kq məhsul məhv edilib. Anbarda olan 5309 kq məhsulun yenidən emalı təmin olunub”.