Şirkətlər “Muğanbank”dan 66,3 milyon manat depoziti geri çəkib

“Muğanbank” ASC bu ilin doqquz ayı üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az hesabata istinadən xəbər verir ki, bank bu ilin III rübündə 703 min manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 17% çoxdur. Belə ki, bank 2021-ci ilin doqquz ayını 602 min manat mənfəətlə başa vurmuşdu.

Yanvar-sentyabr aylarında “Muğanbank”ın gəlirləri 62 milyon 767 min manat (illik müqayisədə 48% çox), xərcləri 48 milyon 500 min manat təşkil edib.

Bu il oktyabrın 1-nə “Muğanbank”ın aktivləri 5% artaraq 743 milyon 516 min manata çatıb. Bankın kredit portfeli isə 8,5% böyüyərək 435 milyon 582 min manat təşkil edib.

Hesabat dövründə “Muğanbank”ın öhdəlikləri 5.4% artaraq 649 milyon 497 min manata, o cümlədən depozit portfeli isə 3.4% artaraq 410 milyon 225 min manata çatıb. Digər bir neçə bankda olduğu kimi, “Muğan Bank”ın da hüquqi şəxslər üzrə depozitləri kəskin azalıb. Belə ki, bankın fiziki şəxslər üzrə depozit portfeli 28,6% və ya 80 milyon manat artaraq 360,4 milyon manata yüksəlib. Şirkət və ya təşkilatların banka yerləşdirdiyi depozitlər 2,4 dəfə və ya 66,3 milyon manat azalaraq 49,8 milyon manata enib.

Hesabat dövrü üzrə bankın cəmi kapitalı 2.2% artaraq 94 milyon 19 min manata bərabər olub, bölüşdürülməmiş zərəri isə 2,9% azalaraq 23 milyon 370 min manata düşüb.

Mənbə – APA