
2022-ci ilin doqquz ayında Naxçıvan Muxtar Respublikasında (NMR) bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 213 milyon 22 min 100 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 29,2 faiz çoxdur.
İndex.az xəbər verir ki, bu barədə NMR-in Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, verilmiş kreditlərin 17 milyon 554 min 800 manatı və yaxud 8,2 faizi qısamüddətli, 195 milyon 467 min 300 manatı və yaxud 91,8 faizi uzunmüddətli kreditlər olub.
Bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-sentyabr aylarında 9 milyon 792 min 700 manat kredit verilib, bu da bir il öncəki göstəricidən 13,6 faiz çoxdur. Kənd təsərrüfatına ayrılan kreditlərin həcmi isə 6,9% artaraq 11 milyon 762 min 200 manata çatıb.
1 oktyabr 2022-ci il tarixə Naxçıvanın banklarında açılmış bank hesablarının sayı 220 min 631-ə çatıb. Bank hesablarının 212 min 922-si və ya 96,5 faizi aktiv hesablardır. Cari ilin yanvar-sentyabr aylarında açılmış 40 min 940 bank hesabının isə 40 min 926-sı aktiv hesablar olub. Bu dövrdə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1689-a çatıb.