Bank sektorumuz hələ də zəifdir – AÇIQLAMA

Xəbər verildiyi kimi, oktyabrın 21-də “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reyting agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BB+” səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit”dən “pozitiv”ə yüksəldib.

Agentliyin bununla bağlı açıqlamasında ölkə iqtisadiyyatının bəzi sektorları və iqtisadi proseslər barədə rəyi də bildirilir.

Açıqlamada «Fitch Ratings»in ekspertləri Azərbaycanın bank sektorunda irəliləyişlərin olduğunu qeyd etsələr də, sektorun hələ də zəif olaraq qaldığını bildirirlər.

Agentlik bildirir ki, son illər bank sektorunun kredit qabiliyyəti ilə bağlı fundamental göstəricilərində yaxşılaşmalar olsa da, bank sektoru əvvəlki kimi zəif olaraq qalır. Bu Fitch-in Bank Sistemi İndikatorunun «b» reytinqi ilə əks olunur.

Agentliyin açıqlamasında deyilir ki, bank sektorunda qeyri-işlək kreditlərin payı 20202-ci ilin sonundakı 6,1%-dən 2022-ci ilin birinci yarısının sonunda 3,5%-ə düşüb.

1-ci dərəcəli kapital adekvatlığı 16,1% təşkil edir, sektor özü isə gəlirlə işləyir.

«Fitch Ratings»in açıqlamasında deyilir ki, bu il müxbir bank əlaqələri müəyyən qədər pozulsa da, Azərbaycanın bank sektorunda Rusiyanın iştirakı azdır.

Agentlik bildirir ki, Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsi son vaxtlar xeyli azalıb. Belə ki, iki il əvvəl – 2020-ci ilin 2-ci rübünün sonuna dollarlaşma səviyyəsi 60,4% olduğu halda, 2022-ci ilin avqustun sonuna bu göstərici 49,3%-ə düşüb. Amma bu göstərici Azərbaycanın daxil olduğu ölkələr qrupundakı median göstəricisindən – yəni 16,5%-dən xeyli yüksəkdir.

Mənbə – Fed.az