Aqrar sektor 3% böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 8 milyard 919,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3% artaraq 6 milyard 26,6 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 2,9% artaraq 3 milyard 892,8 milyon manata çatıb.

Bu il oktyabrın 1-nə kimi ölkədə qarğıdalı da daxil olmaqla tarlalardan 3 047,9 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 6,1% az dənli və dənli paxlalı bitkilər, 1 021,9 min ton (3,8% çox) kartof, 1 665,5 min ton (1,6% çox) tərəvəz, 466,5 min ton (1,8 % çox) bostan məhsulları, 765,6 min ton (3,4% çox) meyvə və giləmeyvə, 182,3 min ton (0,7% çox) üzüm, 7 818,2 ton (19,3% az) yaşıl çay yarpağı, 57,7 min ton (50,7% az) şəkər çuğunduru, 38,8 min ton (14,1% az) pambıq, 26,6 min ton (8,9% çox) günəbaxan və 2,9 min ton (39% az) tütün yığılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,9 % artaraq 411,2 min ton, süd istehsalı 1,7% artaraq 1 655,5 min ton, yumurta istehsalı 5,3% artaraq 1 486,5 milyon ədəd, yun istehsalı 2,2% azalaraq 15,6 min ton, barama istehsalı 30,5% azalaraq 341,4 ton olub.