Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı statistikaya əsasən, 2022-ci ildə dünyada 1 milyard insan piylənmədən əziyyət çəkir. Bunlardan 39 milyonu uşaqdır. Bildiyimiz kimi, piylənmə ürək-damar sistemini sıradan çıxarır, diabet yaradır, dayaq-hərəkət sisteminə mənfi təsir göstərir, hətta onkoloji xəstəliklərə də səbəb olur.
İnsanları balanslaşdırılmış qidalanmaya təşviq etmək hər bir dövlətin başlıca prioritetlərindən biri olmalıdır. Piylənmənin əsas səbəblərindən biri enerji disbalansının yaranmasıdır. Sadə dillə desək, rasionda kalori həcmi orqanizmin tələbatını üstələyir. Artıq kalorili, şəkərli, duzlu qidalardan istifadə edən insanlar oturaq həyatı tərzi sürürsə, o zaman təhlükə qapıdadır.
ÜST xəbərdarlıq edir: həyat tərzimizə və qidalanmamıza yanaşmamız dəyişməsə, 2025-ci ilədək əlavə 167 milyon insanda piylənmə problemi yaranacaq. Bu ssenarinin qarşısını almaq üçün ziyanlı məhsulları rasionumuzdan çıxarmalıyıq. Bu hədəfə çatmaq üçün qida məhsullarının markalanmasına sərt yanaşma tətbiq olunmalıdır.
AZ BİLƏN ÇOX YEYİR
2016-cı ildə Ümumdünya Səhiyyə Assambleyası uşaq piylənməsinin qarşısını almaq məqsədilə hazırlanan hesabatı dəstəkləyib. Hesabatda bir neçə olduqca vacib məqama toxunulmuşdu ki, onlardan biri də məhsulların üzərində qeyd edilənlərin anlaşılan dildə yazılmasıdır. Bəzən düzgün seçim etmək hamıya nəsib olmur. Çünki etiketin üzərindəkiləri oxumaqla anlamaq arasında ciddi fərq var. Sorğulara əsasən, dünya əhalisinin 29%-i məhsulların üzərindəki yazılarla maraqlanmır, maraqlananlar isə yazılanları anlamır. Anlamaq üçün istehlakçının kimya və dietologiyadan anlayışı olmalıdır.
Yeri gəlmişkən, Rusiyada keçirilən sorğuda iştirak edənlərin 22.1%-i hesab edir ki, etiketlərin oxunması xeyli vaxt aparır, 10.1%-i etiketlərə ümumiyyətlə inanmır, 15.9%-i etiketlərin üzərindəki məlumatları başa düşmür.
SUSMAQ – QIZILDIR (PULDUR)!
Bir banka (0.33 l) rəngli qazlı içkidə 40 qr əlavə şəkər var. Bu isə böyük insanın sutkalıq normasından 10 qr, uşağın normasından isə 2 dəfə çoxdur. İstehlakçılar bu barədə susur! Müvafiq qurumlar isə bu istiqamətdə heç bir maarifləndirici işlər görmür. TV-lərdən isə, necə deyərlər, əlimizi üzmüşük. Başları pul qazanmağa qarışan TV-lər sosial məsuliyyətini, öhdəliyini unudub, heç yadlarına salan da yoxdur.
Kimsə haqlı olaraq deyə bilər ki, zəhmət çəksinlər və alınan məhsulun üzərindəki etiketi oxusunlar. Lakin hər şey o qədər də asan deyil! Əlavə olunmuş şəkər müxtəlif adlar altında gizlənə bilər. Dekstroza, levuloza, invert sirop, maltodekstrin – bunlar həmin o adların kiçik bir qismidir. Belə çıxır ki, istehlakçı supermarketə alış-verişə gələn zaman özü ilə lupa (yazılar çox kiçik şriftlə yazılır), kalkulyator və lüğət gətirməlidir.
Fərz edək ki, bir çox insan qazlı içkilərin ziyanı barədə məlumatlıdır. Lakin (məsələn) şəkər başqa məhsullarda da gizlədilir. Ketçupda 1 çay qaşığı şəkərin olduğunu bilirdiniz? ÜST-ün açıqladığı statistikaya əsasən, piştaxtalardakı məhsulların 75%-də şəkər normadan artıqdır.
Fransa, Almaniya, İspaniya, Belçika, İsveçrə və digər Avropa ölkələrində “Nutri-Score” sistemi işləyir. Sistemə əsasən, məhsulların üzərində 5 latın hərfi yerləşdirilir. Məhsulların üzərində A (yaşıl fonda) hərfi varsa, deməli, sağlam qidadır. Əgər məhsulun üzərində E (qırmızı fonda) hərfi varsa, almasanız yaxşıdır. B, C və D isə aralıq variantlardır.
Meksikada məhsulların üzərində “Tərkibində duz çoxdur” və ya “Tərkibində şəkər çoxdur” yazılarına rast gələ bilərsiniz. Avstraliya və Yeni Zelandiyada əhalisi qablaşdırmanın üzərindəki ulduz sayına görə məhsulun keyfiyyəti barədə məlumat əldə edir.
Bəzi ölkələrdə ziyanlı məhsulların, o cümlədən içkilərin məktəblərdə satılması qadağandır. Üstəlik, onların reklamında uşaqların sevdiyi maskot və ya cizgi filmi qəhrəmanları istifadə oluna bilməz.
İSTEHSALÇILAR ŞƏKƏRİ GİZLƏDİR
Qida eksperti Fərid Səfərov İndex.az-a açıqlamasında bildirdi ki, piylənmədən əziyyət çəkən insanların sayının günü-gündən durmadan artmasının bir neçə səbəbi var:
“Nəzərə alsaq ki, uşaqlara hələ körpəlikdən ana südü əvəzinə bəzi qeyri-kafi qidalar verilir… Əslində hər şey elə bundan başlayır. Bundan başqa, qeyri-müntəzəm və balanssız qidalanma, uzun müddət ac qaldıqdan sonra nəzarətsiz yemək qəbulu da piylənməni yaradan amillərdəndir. Ümumiyyətlə, ən vacib səbəblərdən biri fiziki fəaliyyətin, hərəkətin olmamasıdır. “Fast-food” qidalara üstünlük verilməsi, küçədə ayaqüstü qidalanma da piylənmənin yaranmasına zəmin yaradır. Bundan başqa, təkcə qidalar yox, qazlı, şəkərli içkilər, eləcə də bir sıra zərərli vərdişlər də bura aiddir. Qeyd edim ki, piylənmənin yaranmasında genetik amillərin və hormonal disbalansın da rolu var.
Əksər qida istehsalçıları məhsulun tərkibi haqqında düzgün məlumat vermirlər və ya tərkibi gizlədirlər. Buna misal olaraq şəkəri qeyd edə bilərəm. İstahlakçılar şəkəri aldıqda yoxlamağa çalışırlar. Amma istehsalçılar şəkərin əvəzinə fruktoza, qarğıdalı siropu, qlükoza siropu, saxaroza, şəkər məhlulu, meyvə konsentrantı yazırlar. Bu da günümüzün acı reallıqlarından biridir”.
QİDA TERRORU
Dietoloq Leyla Zülfüqarlı İndex.az-a açıqlamasında bildirdi ki, piylənmənin sayı artır, üstəlik, yaşı da “cavanlaşır”:
“Artıq kiçik yaşlı uşaqlarda da piylənmə müşahidə olunur. Əsas məsələ odur ki, piylənmənin daha ağır dərəcəsində olan insanlar çoxalıb. Bu gün elə mənim 165 və 168 kq arasında iki pasientim olub. Qeyd edim ki, bu şəxslər ayrı-ayrı ailələrin üzvləri, ayrı-ayrı bölgələrin nümayəndələri idilər. Belə böyük kiloları tez-tez görməyimiz artıq təəcüblü deyil. Bu isə ondan xəbər verir ki, qidaların kimyəvi tərkibi həddən artıq dəyişdirilib. Süni qidalar daha çoxdur. Eləcə də hormonlarımıza təsir edən yad maddələr hormonal səbəbli kökəlmənin çoxalmasına səbəb olur.
Eyni zamanda etiketlərdə mallar barədə yalan məlumatların olması, tərkibinin tam şəkildə yazılmaması istehsalçının hüququnun kobud şəkildə pozulmasından xəbər verir. Bu da özlüyündə hardasa “qida terroru” zəncirinin yaradılması prosesidir. Bununla yanaşı, tərkibin doğru yazılmamasında biznes maraqları var. Buna misal kimi malların üzərində “GMO yoxdur” sözlərini göstərə bilərik. Lakin bu sözlər yazılmış məhsulların əksəriyyətində GMO var. Bu, şəkərə də aiddir. Tərkibində şəkərin olmaması ilə bağlı yazı olan məhsulların əksəriyyətində şəkər var. Yalnız çox az sayda böyük şirkətlər buna riayət edir. Bununla yanaşı, dietik məhsullarda da şəkərin olmamasına diqqət ayırırlar. Lakin bəzən görürük ki, böyük supermarketlər satışları artırmaq üçün dietik məhsullar bölməsində dietik olmayan bahalı məhsulları satırlar. Bu isə insanları aldatmaqdır! Bütün bunlar, bir daha deyirəm, “qida terroru”nun zənciridir. İstehlakçıları aldadaraq, genetikası dəyişdirilmiş qidaları satırlar. Bu isə müxtəlif ciddi xəstəliklərin yaranmasına səbəb olur. Piylənmə isə bu xəstəliklərin artmasının nəticəsidir. Piylənmə əslində “qışqıran” bir göstəricidir. Biz piylənmədən əziyyət çəkən xəstələri araşdıranda görürük ki, onların daha ciddi xəstəlikləri var. Ona görə, mən düşünürəm ki, nə qədər danışsaq da, təbliğat aparsaq da, yenə də azdır. Çünki qüvvələr eyni deyil. Bu problemlə mübarizə aparanlarla problemi yaradanlar arasında çox böyük fərq var”.
AQTA PROBLEMİ QULAQARDINA VURUR
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov İndex.az-a açıqlamasında bildirdi ki, böyük beynəlxalq təşkilatların insanların sağlamlığına yönəlmiş çağrışların əksəriyyəti səmimi deyil:
“İnsanlar bilməlidirlər ki, onun sağlam və uzun yaşaması bir özünə lazımdır, bir də olsa-olsa ailə üzvlərinə. Böyük beynəlxalq qurumların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Beynəlxalq Standartlaşdırma Təşkilatının (BST) və digər bu kimi təşkilatların insanların sağlamlığına yönəlmiş çağrışlarının çox böyük hissəsi, bəlkə də 99%-i yalandır, səmimi deyil. Ölkələrə lazımdır ki, büdcədə pul olsun. Büdcəyə pul haradan gəlir? İstehlakçının qazancından! Yəni biz istehlakçı kimi bütün dünyada lazımıq. Ona görə lazımıq ki, bizim pulumuz xərclənsin, vergilərlə dövlət büdcəsi zənginləşsin, dövlətlər ordu saxlasın və s. Əlbəttə, ÜST-ün bu cür çağrışları olacaq, amma bu, birmənalıdır ki, açıq iş görülməyəcək. Beləcə bundan tibbi biznes istifadə edəcək. ÜST-ün təsisçiləri kimlərdir? Onlar arxa planda gizli şəkildə birləşib bir fikrə qulluq edirlər ki, daha çox varlansınlar. ÜST hesabatında deyir ki, piylənmə artıb. Bununla da tibb biznesinin əlinə silahı verir ki, gedin və bacardığınızı edin. Təbii ki, istehsalçılar da sakit durmur. Yalançı reklamlar edir ki, guya bu nəyəsə xeyirdir. Bütün bunlar hörümçək toru şəklindədir”.
Hüseynov əlavə edib ki, Azərbaycanda malların markalanmasında çox ciddi problemlər var:
“Nazirlər Kabinetinin 94 saylı qərarında, “Dövlət dili haqqında” qanunda, “İstehlakçıların müdafiəsi haqqında” qanunda qeyd olunub ki, ölkənin əmtəə bazarında olan bütün mallar xarici dillərlə yanaşı, Azərbaycan dilində də markalanmalıdır. Bununla bağlı dünən də mənə şikayət gəlib. Ümumiyyətlə bununla bağlı artıq 3 ildir şikayət gəlir. İran dükanlarından mal alıb gətirirlər. Bu malların üzərində nə ana dilimizdə buraxılma tarixi, nə də yararlılıq müddəti qeyd edilməyib. Fars dilində yazılıb. Ölkəmizdə mağazalar şəbəkəsi var ki, malları xarici dildə markalayır. Məsələn, “Continental” marketlər şəbəkəsi… Mənə daxil olan şikayətlərə əsasən, dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırmışam. Lakin məsələ həll olunmur. Zəif Ermənistanda, zəif Gürcüstanda malların markalanması milli dildə həyata keçirilir. Bizdə isə həyata keçirilmir. Bir ay bundan əvvəl televiziyaların birində Dövlət Gömrük Komitəsinin iki əməkdaşı ilə mənim aramda ciddi mübahisə oldu. Onlar deyirlər ki, biz öz əsasnaməmizə əsasən malların sertifikatına baxıb, malları ölkəyə buraxırıq. Yəni Azərbaycan dilində markalanmadığını görsələr belə, ölkəyə buraxırlar. Mən isə sizin sayt vasitəsilə demək istəyirəm. Əgər bir dövlət orqanı qanunun pozulduğunun şahidi olursa, nə üçün bu barədə digər dövlət orqanını məlumatlandırmır? Yəni dövlət orqanları arasında koordinasiyalar həddən artıq zəifdir. Malların üzərində insanları kökəldən, piyləndirən inqredientlərin olması barədə məlumatın olmamasını Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) də qulaqardına vurur. Malların markalanması məsələsi qalıb masanın üzərində. Nə AQTA yaxın durur, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti. İstehlakçılar kütləvi şəkildə aldadılır. Ərzaq mallarının tərkibinə elə inqredientlər qarışdırırlar ki, onlar insanların xəstələnməsinə, piylənməsinə səbəb olur və bundan istifadə edən dərman biznesi daha da zənginləşir. Yaxın ölkələrin heç birində bu qədər aptek yoxdur. Bizdəki apteklərin sayı digər ölkələrdən 20 dəfə çoxdur. Üstəlik, klinikalarda insanların növbəsinə baxsaq, dəhşətə gələrik”.
Məsələ ilə bağlı AQTA-nın mətbuat xidmətinə müraciət etsək də, bu barədə danışmaq istəyən tapılmadı.
Müəllif: Mirəli Qasımov