Hər 10 uşaqdan 9-da SKOLİOZ var – MÜSAHİBƏ

Vertebroloq dr. Röya Musayevanın İndex.az-a müsahibəsi:

 

Skolioz nədir?

 

– Skolioz onurğanın torokal və lumbal hissələrinin əyriliyi nəticəsində yaranan onurğa əyriliyidir. Xəstəyə konkret olaraq skolioz diaqnozu qoymaq üçün əyriliklər cobb bucağı ilə ölçülür. Əgər bucaq 10 dərəcəni keçirsə, biz artıq bunu skolioz olaraq qiymətləndiririk. Bucaq 10 dərəcədən azdırsa, bu, qamət pozğunluğu kimi qiymətləndirilir.

 

Ümumiyyətlə, skolioz 4 dərəcədə olur:

 

1-ci dərəcəli skolioz – 10-18 dərəcə aralığında olan əyrilik

2-ci dərəcəli skolioz – 18-25 dərəcə aralığında olan əyrilik

3-cü dərəcəli skolioz – 25-40 dərəcə aralığında olan əyrilik

4-cü dərəcəli skolioz – 40 dərəcədən çox olan əyrilik

 

Bütün dünyada qəbul olunmuş protokol var ki, 4-cü dərəcəli skolioz təsbit olunubsa, pasient mütləq əməliyyat olunmalıdır. Lakin yeni müalicə üsulları var ki, 40 dərəcədən çox olan skoliozu da müalicə edir. Cobb bucağı 25-28 dərəcəni keçdikdən sonra şeno korsetlərindən istifadəyə göstəriş verilir. Bəzi həkimlər bunu 15-17 dərəcədə belə təyin edir. Protokola əsasən, bu, yalnışdır. Çünki daxili orqanların sıxılmasına səbəb ola bilər.

 

– Skolioz hansı səbəblərdən yaranır?

 

– Skoliozun bir neçə yaranma səbəbi var. Bunlardan biri idiopatik skoliozdur ki, onunda səbəbi bəlli deyil. Uzun illər araşdırılsa da, sonda belə bir nəticəyə gəlindi ki, bu skolioz genetik keçir.

 

Bundan başqa, yastıpəncəlik səbəbindən yaranan skolioz var. Belə ki, ayaq darağı deformasiyaya uğradığına görə, bu avtomatik olaraq çanaqda özünü göstərir. Nəticədə çanaqda deformasiya yaranır. Bu isə yaş artdıqca skolioza gətirib çıxarır. Yastıpəncəlik 6 yaşa qədər müalicəyə qismən tabe olur. 6 yaşından sonra tabe olması mümkün deyil. Bu halda biz supinatorlardan istifadə edirik. Yastıpəncəliyin də dərəcəsi var. Uşağın ayağındakı yastıpəncəliyin dərəcəsi ölçülür və ona uyğun supinator hazırlanır, ayaqqabının içinə qoyulur. Bəzən valideyin deyir ki, mən başqa mağazada ortopedik supinator görmüşəm, onu alacam. Bu qətiyyən düzgün deyil. Çünki uşağın ayağının yastıpəncəliyi ölçülür, sonra ölçüyə uyğun supinator qoymaq lazımdır. Beləcə ayaq daraqları düzəlir.

 

Biz artıq çanağı müalicə etdikdə xəstəlik təkrar olaraq geri qayıtmır. Supinatordan istifadə etmədikdə isə ayaq daraqlarının əyriliyi yenidən çanağı sıradan çıxardacaq.

 

Qeyd edim ki, ən çox rast gəldiyimiz səbəblərdən biri də məhz yastıpəncəlik səbəbindən yaranan skoliozdur.

 

Bundan başqa, doğuş zamanı bud-çanaq oynağında çıxıq varsa və vaxtında müalicə olunmursa, bu da sonda skolioza gətirib çıxarır.

 

– Skoliozun yayılma dinamikası necədir?

 

– Xeyli artıb… Son illər skolioz, onurğanın deformasiyası, çanaq deformasiyası çoxalıb. Düşünün, 10 uşağın 9-da skolioz var. Hətta qız uşaqlarında oğlan uşaqlarına nisbətən 5 dəfə çox artıb. Çünki qız uşaqlarının ərgənlik dövründə boyu sürətlə artır. Bu isə skoliozun yaranmasına zəmin yaradır.

– Uşaqlarda skoliozun geniş yayılmasının səbəbi nədir?

– Onurğamızın korseti əzələdir. Əzələmiz nə qədər möhkəm olsa, onurğamızı da bir o qədər yaxşı saxlayar. Bizim passiv həyat tərzimiz əzələlərin zəif inkişafına gətirib çıxarır. Bununla yanaşı, əzələlərimizin zəif inkişafında qida da böyük rol oynayır. Zəif əzələ isə onurğanı yaxşı saxlaya bilmir.

 

Uşaqların bükülüb smartfonla, planşetlə oynaması skoliozun əsas səbəblərindəndir. Bununla yanaşı, sanki uşaqlara məktəbdə də düz oturmağı öyrətmirlər. Bizim vaxtımızda belə deyildi. Uşaqlar əyri oturmağa vərdiş alır və bu da onurğada vaxt keçdikcə öz təsirini göstərməyə başlayır. Ən əsas səbəb isə ağır məktəbli çantalarıdır. Uşaqlar çantanı bir çiyinlə götürməməlidir. Çanta hər iki çiyinə taxılmalıdır. Bəs çantanın ağırlığını necə nizamlamaq lazımdır? Əslində çantanın ağırlığı 10-un 1-ə nisbətində olmalıdır. Yəni 25 kiloqram çəkisi olan bir uşaq 2.5 kiloqram çanta götürə bilər. Çantanın özünün isə boş vəziyyətdə çəkisi 1 kiloqramı keçməməlidir. Təəssüf ki, bizdə 25 kiloqram çəkisi olan bir uşaq 10-15 kiloqramlıq çantanı hər gün məktəbə daşıyır. Bu isə qətiyyən yolverilməzdir! Çünki bu artıq skoliozdan da böyük fəsadlara gətirib çıxara bilər.

 

– Həssas və aktual məsələdir. Bununla bağlı valideynlərə nə məsləhətin görərdiniz?

 

– Valideyinlərə ilk məsləhətim odur ki, “uşağın dayısı da belə yeriyirdi”, “rəhmətlik babası da belə idi”, “heç nə yoxdu, düzələcək” kimi fikirlərdən qurtulsunlar. Çünki biz artıq fərqli bir dövrdə yaşayırıq. Əvvəllər qidalanma daha sağlam, ətraf-mühit daha təmiz, insanlar daha dözümlü və sağlam idi. İndi isə heç nə olmamış, insanlar xəstələnir. Bu, o deməkdir ki, bizim orqanizmimiz artıq dəyişib, immunitetimiz zəifləyib, gücümüz itib. Əvvəllər xanımlar əldə paltar yuyurdu, bu kənddən o kəndə su daşıyırdı və indikilərdən qat-qat çox iş görürdü. İndiki xanımlar istəsələr belə, bu sadaladıqlarımı edə bilməzlər. Çünki fiziki gücləri çatmayacaq.

 

Yəni “filankəsin də uşağı belə idi, düzəldi” tipli yanaşmalar səhvdir. Əgər vaxtında uşağın yerişindən şübhələnirlərsə, uşaq qısa məsafədə gəzəndən sonra yorulursa, gecə yuxudan ayılıb ayağının ağrıdığını deyirsə, mütləq şəkildə həkimə müraciət etmək lazımdır! D vitamininin, maqneziumun, kalsiumun, fosforun bədəndə miqdarı mütamədi olaraq yoxlanmalıdır. Bunların balansı bədəndə pozulduğu anda sümüyün də kimyası pozulur.

Uşaqların həyatına mütləq şəkildə idmanı daxil etmək lazımdır. Heç olmasa arabir analar uşaqlarının paltarını dəyişərkən kürəyinə nəzər yetirsin və onurğanın düzlüyünə, çanaqların simmetriyasına diqqət etsinlər.

 

Bundan başqa, valideyinlər bunu da bilməlidirlər ki, skoliozun müalicəsində fizioterapiyanın elektroterapiya bölməsinin, yəni masajın heç bir köməyi yoxdur. Çünki zəif olan əzələ masajla daha da yumşalır və skoliozun yaranmasına daha çox şərait yaradır.

 

– Dediniz ki, həyat tərzimiz və qidalanmağımız bizdə və uşaqlarda zəiflik yaradır. Bunun qarşısını necə ala bilərik?

 

– Bəzi analar deyir ki, uşağım ora əlini vurmasın, qaçmasın, sakit otursun. Bununla siz yaxşı ana olmursunuz, əksinə, pis ana olursunuz! Çünki uşağı bu cür qoruya-qoruya böyütdükdə, uşaq sağlam yox, əksinə, dözümsüz böyüyəcək. Belə olduqda isə heç bir xəstəliyə qarşı dözümü olmayacaq. Amma uşağı rahat buraxdıqda, yəni toz-torpaqla oynayanda, isti-soyuq görəndə, o zaman immuniteti yaranacaq. Beləcə daha dözümlü olacaq. Həm əzələsi bərkiyəcək, həm də uşağın bədəni xəstəlikləri dəf edə biləcək.

 

– Ölkəmizdə belə bi fikir formalaşıb ki, skolioz varsa, mütləq əməliyyat olmalıdır. Özü də bu fikri həkimlər yürüdür. Buna münasibətiniz maraqlıdır…

 

– Bu, yalnış düşüncədir. Skolioz o zaman mütləq əməliyyat olunur ki, ya xəstənin onurğasının bir neçə fəqərəsi olmasın, ya da xəstənin onurğasının əyilmə bucağı 40 dərəcədən çox olsun. Hətta mənim xəstəm olub ki, 80 dərəcəlik onurğa əyrisi olmasına baxmayaraq, biz onu müalicə etmişik və istədiyimiz nəticəni əldə etmişik. Yəni digər hallarda müalicə olunur. Müalicə müddəti isə 2 il çəkə bilər.

 

– Yaşlı nəsildə skolioz yaranırmı?

 

– Xeyr, yaranmır. Onlarda başqa xəstəlik olur. Məsələn artroz, artrit, osteoporoz və s. Artroz və artrit oynaqlarda, osteoporoz isə sümüklərdə yaranır. Osteoporoz nəticəsində sümüyün bir növ kimyası dəyişir və sümüklər əyilməyə meylli olur. El arasında buna sümüklərin kövrəkləşməsi də deyirlər. Bu xəstəliklərin müalicəsi skoliozla tam fərqlidir.