Ağalıya köçürülən sakinlərin Bakıdakı evlərinin aqibəti necə olacaq?

44 günlük Vətən Müharibəsində qalib olduq. Qaçqınlarımız və məcburi köçkünlərimiz öz ata yurduna qayıtmağa başlayıb. 3 dəfə Ağalıya köç baş tutub. 326 nəfər Zəngilana köçürülüb və yeni bir sual ərsəyə gəldi. Öz doğma yurduna qayıdan sakinlərin köçdən əvvəl yaşadığı ünvanların aqibəti necə olacaq?

İndex.az xəbər verir ki, Prezident İlham Əliyevin 2021-ci ildə verdiyi göstərişlə Bakı, Lənkəran və Samux rayonlarında inşa edilmiş məcburi köçkünlərimiz üçün mənzillər şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunur. İstifadə edilməyən hər bir mənzil isə satışa çıxarılacaq.

Mövzu ilə bağlı İctimai TV-yə danışan Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov bildirib ki, bu satışların reallaşması üçün satış portalının yaradılması işi yekunlaşır və bu mənzillərin satışı bu portal üzərindən həyata keçiriləcək.