Dünyanın maliyyə mərkəzləri: Bakı sondan 4-cüdür – REYTİNQ

Dünyanın aparıcı maliyyə mərkəzlərinin reytinqində Bakı 2 pillə geriləyərək 116-cı yerə enib.

İndex.az xəbər verir ki, The Global Financial Centres Index, GFCI adlı reytinq Böyük Britaniyanın Z/Yen analitik şirkəti və Çinin İnkişaf İnstitutu tərəfindən tərtib olunur.

Ümumilikdə reytinqdə 119 maliyyə mərkəzi yer alıb. Qiymətləndirmə zamanı Dünya Bankı, BMT və digər nüfuzlu təşkilatların təqdim etdiyi 150 göstərici rəhbər tutulur.

Reytinqin lideri yenə də Nyu-Yorkdur. İkinci yerdə London, üçüncü yerdə isə Sinqapurdur.

MDB ölkələri arasında ən yaxşı göstərici Astanadadır. 66-cı pillədə qərarlaşan Qazaxıstanın paytaxtı 73-cü pillədəki Moskvanı və 114-cü pillədəki Sankt-Peterburqu belə qabaqlaya bilib.

Digər qonşularımıza gəlincə, İstanbul 13 pillə geriləyərək 77-ci, 6 pillə irəliləyən Tehran isə 112-ci yerdədir. Tbilisi və Yerevan reytinqdə yer almayıb.