Azərbaycanda tibbi (müalicəvi) turizmin inkişafı ilə bağlı fantastik potensial var. Lakin illərdir açıqlanan Medical Tourism Index reytinqində Azərbaycanın adı yoxdur. Medical Tourism Index nədir? Müalicə məqsədilə ölkələrə səyahət edən turistlərin sayını hesablayan reytinq. Yeri gəlmişkən, reytinqə Kanada başçılıq edir. İkinci yerdə Sinqapur, üçüncü yerdə Yaponiyadır. Müalicə deyəndə ağıla gələn dost İsrail isə reytinqin 6-cı pilləsində qərarlaşıb. Qonşu ölkərə nəzər yetirsək, Türkiyə 30-cu, Rusiya 41-ci, İran isə 46-cı yerdədir. Sirr deyil ki, adları çəkilən qonşu ölkələrə müalicə məqsədilə xeyli sayda vətəndaşlarımız üz tutur.
Müalicəvi sanatoriyalar kimi ixtisaslaşmış yerləri müəssisələrdən İndex.az-a bildiriblər ki, müalicə üçün gələnlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. “Şahdağ Quba Truskavets” hotelindən İndex.az-a verilən məlumata əsasən, müştərilərin təxminən 20%-i xarici turistdir. Maraqlı məqam ondan ibarətdir ki, onların əksəriyyəti heç müalicə məqsədilə gəlməyib.
“Gold Naftalan” hotelindən də İndex.az-a bildirdilər ki, müştərilərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
MDB ölkələrinin ümidinə qalmışıq…
Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva da İndex.az ilə söhbətində qeyd etdi ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün çox geniş imkanlar var:
“Hələ SSRİ dövründə Azərbaycan sağlamlıq turizminə görə seçilirdi. Keçmiş SSRİ ölkələri arasında Azərbaycana müalicə üçün gələnlərin sayı yetərincə çox idi. İndi də MDB ölkələrində Azərbaycana gələn turistlərin üstünlük verdiyi sahə sağlamlıq turizmidir. Bu sahədə kifayət qədər təbliğat-marketinq işləri görülür. Sağlamlıq turizminin həcminin artırılması üçün beynəlxalq sərgilərdə, tədbirlərdə Azərbaycanın sağlamlıq turizm imkanları təbliğ olunur. Ümüd edirik ki, turizmin tam bərpası fonunda görülən tədbirlər sayəsində sağlamlıq turizminin inkişafını təmin edəcək və sağlamlıq turizmi üçün Azərbaycana gələnlərin sayını artıracağıq”.
G. Musrafayeva əlavə etdi ki, Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında geniş hesabat hazırlanıb. Sənəddə ölkəmizdə əsas sağlamlıq turizmi destinasiyaları olan Abşeron, Şabran, Naftalan, Qəbələ, Lənkəran, Şəki, Dağlıq Qarabağ və Naxçıvanda olan resusrlar, sağlamlıq müəsissələri və bu sağlamlıq müəsissələrində turistlərə təqdim olunan xidmətlər öz əksini tapıb. Eyni zamanda sağlamlıq müəsissələrindən kənarda yerləşən təbii mineral ehtiyatlar və onların yerləşdiyi rayonlar barədə məlumat verilərək hər biri üzrə inkişaf potensialı qiymətləndirilib.
Sağlamlıq turizminin mahiyyəti, Ümudünya Səhiyyə Təşkilatının statistik məlumatları əsasında sağlamlıq turizmini səhiyyədəki yeri, ölkəmiz üçün spesifik olan sağlamlıq resurslarının xüsusiyyətləri və faydaları haqqında məlumatların qeyd olunduğu hesabatda tibbi turizm və termal sağlamlıq turizmi barəsində geniş məlumat verilib.
Sənəddə, həmçinin müasir dövrümüzdə sağlamlıq turizminin qlobal iqtisadiyyatda yeri, eləcə də ötən illərdə sağlamlıq turizmi ilə əlaqəli beynəlxalq səyahətlərdən əldə edilən və Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinad edilən gəlirlər barədə Türkiyə, Fransa, Cənubi Koreya, Kosta-Rika, Meksika, Hindistan, Kanada, Albaniya, Filipin kimi müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Burada sağlamlıq turizmi üzrə turistlərin ümumi (müalicə və ya əməliyyat, xəstəxana və həkim, nəqliyyat, müvəqqəti yerləşdirmə, qidalanma, viza, sığorta, qeydiyyat) və kliniki müalicə xərcləri (ürək, angioplastika, protez, implant, estetik və s.) haqqında statistik məlumatlar göstərilib. Bundan əlavə, ölkədə mineral sulardan istifadə olunmasının hüquqi qaydaları, mövcud qanunvericilik aktları və dövlət qurumlarının bu sahə üzrə fəaliyyətləri nəzərdən keçirilib.
Sağlamlıq turizmindən istifadə edən turistləri cəlb edən amillərin analizi, müalicə və istirahət məqsədli səyahətlər zamanı onların gözləntiləri və digər amillər təhlil olunub.
Sağlamlıq turizmi müəssisələrində ən əsas faktorlardan hesab edilən marketinq fəaliyyətinin təşkili, brendin yaradılması, sağlamlıq turizmi üzrə destinasiyanın tanıdılması, qiymətləndirmə meyarları və bu meyarların xüsusiyyətləri və tətbiqi barədə məlumatlar yerləşdirilib. Brendləşmə və marketinq fəaliyyətləri araşdırılan zaman ötən illərdə dünya üzrə ən yaxşı 10 xəstəxana və bu xəstəxanaların uğur göstəriciləri təqdim edilib.
Araşdırma sənədində sağlamlıq turizminin ölkəmizdə inkişafı məqsədilə müəyyən təkliflər hazırlanıb, o cümlədən sağlamlıq turizmi müəssisələrinin xidmətlərinin çeşidinin artırılması, rəqib bazarlar üzərində üstünlüklərin qiymətləndirilməsi üzrə təkliflər qeyd olunub.
Hesabatda Azərbaycanda kurort və sanotoriya müəsissələrinə müasir yollayış sisteminin təşkili, bu sistem üzrə qeyd olunan müəssisələrin idarəedilməsi, istifadə olunan mineral və müalicəvi suların analizi, onların müalicəvi xüsusiyyətləri, eləcə də həkim və tibb personalına qoyulan tələblər və mövcud qanunvericilik aktları geniş tədqiq olunub.
“Əgər bizim məmurlarımız xaricdə müalicə olunursa…”
Turizm üzrə ekspert Əziz Şiriyev isə İndex.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda sağlamlıq turizmi 4 mərhələdə inkişaf etməkdədir:
1. Naftalan nefti
2. Palçıq vulkanları
3. İsti sular
4. Naxçıvan duzu
Bəs biz bunları hansı səviyyədə təbliğ etmişik? Eskpert deyir ki, statistikaya baxsaq görərik ki, Azərbaycana müalicə üçün gələn turistlərin əksəriyyəti MDB ölkələrindən gələn turistlərdir: “Bu onunla əlaqədardır ki, SSRİ dönəmində Azərbaycan müalicə əhəmiyyətli təbii sərvətlərinə görə digər mütəffiq respublikalardan öndə idi. Deməli, biz müstəqillikdən sonra öz müalicəvi sərvətlərimizi dünyada yaxşı təbliğ etməmişik. Əvvəllər xaricdən biri gəlib palçıq vulkanının içinə girən zaman biz onlara baxıb gülürdük. Amma indi başa düşmüşük ki, palçıq vulkanlarının çox əhəmiyyətli müalicəvi özəllikləri var. Azərbaycan isə palçıq vulkanlarının sayına görə ilk “onluqda”dır. Hətta Dövlət Turizm Agentliyi belə həmin ərazilərdə kompleks tikməyə hazırlaşır. Lakin onu da qeyd etmək lazımdır ki, Medical Tourism Index reytinqində adları olan ölkələr artıq uzun müddətdir sağlamlıq turizmi ilə məşğuldular və heç şübhəsiz Türkiyə, Almaniya, İsrail kimi ölkələrin səhiyyə sistemləri bizimkindən qat-qat üstündür. Əgər bizim nazirimiz, məmurumuz gedib xaricdə müalicə olunursa, bu özü də buna bir sübutdur. Buna baxmayaraq, ölkəmizdə sağlamlıq turizminin inkişafına böyük dəstək var. Nəzərə alaq ki, sağlamlıq turizminin inkişafına diqqət son 7 ildə ayrılıb. Dünya çaplı “Estorix” tibbi turizm sərgisi bu il Azərbaycanda keçirildi. Dünyaca əhəmiyyətli tibbi turizm sərgisinin Azərbaycanda keçirilməsi bu sahəyə göstərilən qayğının bir nümunəsidir. Mən sağlamlıq turizminin digər dövlətlərə nisbətən geridə qalmasını gənc ölkə olmağımızla səciyyələndiririəm. Biz istər turizm, istər səhiyyə baxımından hərtərəfli inkişaf etməliyik ki, digər ölkələrlə ayaqlaşa bilək”.