Şəkərli diabet “cavanlaşıb”, yaşı 40-dan aşağı düşüb – MÜSAHİBƏ

Endokrinoloq Rövşən Həsənovun İndex.az-a müsahibəsi:

– Şəkərli diabet ölkəmizdə geniş yayılmış xəstəlikdir. Əvvəllər yaşlı nəsildə daha çox müşahidə edilirdi. İndi isə sanki bu xəstəlik gənc nəsildə də özünü göstərməyə başlayıb. Ümumiyyətlə, şəkərli diabet xəstəliyini “cavanlaşdığını” deyə bilərik?

– Bəli, deyə bilərik. Ümumiyyətlə, uşaqlarda görülən şəkər xəstəliyi əsasən anadangəlmə olur. Bu göstəricidə heç bir dəyişiklik yoxdur. Sonradan qazanılan şəkər xəstəliyi, yəni ikinci tip diabet isə, əsasən, 45 yaşdan sonra görünürdü. Lakin son vaxtlar artıq bu xəstəliyin yaş həddinin 40-dan aşağı düşdüyünün şahidi oluruq.

– Xəstəliyin yaranma səbəblərini az-çox hər birimiz bilirik. Bəs “cavanlaşmasının” səbəbləri nədir?

– Bunun əsas səbəbi gənclərin düzgün həyat tərzi keçirməməsidir. Bununla yanaşı, 1990-cı illərdən bura qida sektorunda olan dəyişikliklər xəstəliyin “cavanlaşmasına” təsir edən amillərdir. Gənclərin daha çox hazır qidalara, yəni “fast food” tipli qidalara üz tutması, oturaq həyat tərzi, fiziki hərəkətin az olması bu riski daha da artırır. Dediyim kimi, əvvəllər biz minimum 45 yaşın üzərində olan şəxslərdə sonradan qazanılmış şəkərə rast gəlirdiksə, indi artıq 30 yaş civarı şəxslərdə də ikinci tip diabet aşkarlanır. Passiv həyat tərzi keçirən insanlarda piyənmə artdıqca, şəkər riski artır.

– Şəkər xəstəliyinin yaranmasında əhalimizin istifadə etdiyi qidalardan hansılarının payı var?

– Ümumiyyətlə, biz 3 “bəyaz”dan mümkün qədər uzaq olmağı tövsiyə edirik. Nədir bu üç “bəyaz”? Şəkər, un və duz. Bunlar insan üçün zərərlidir və şəkərin yaranmasında böyük rolları var. İçlərindən əsasən karbohidrat tərkibi olan qidalar, yəni şəkərli qidalar və undan hazırlanmış qidalar şəkər üçün böyük risk daşıyır. Belə qidalar birbaşa şəkər yaratmaslar da piylənmə yaradırlar. Piylənmə isə şəkəri yaradan əsas amillərdəndir. Yəni tövsiyəmiz bu üç “bəyaz”dan uzaq durmaqdır.

– Qayıdaq əvvələ… Xəstəlik getdikcə “cavanlaşır”. Gələcəkdə hansı mənzərə bizi gözləyir? Bu mənzərə ilə qarşılaşmamaq üçün insanlar hansı tədbirlər görməlidir?

– Dünya Səhiyyə Təşkilatının da bununla bağlı araşdırmaları var. Həqiqətən də bu cür davam etsə, şəkər xəstələrinin sayı artacaq. Bundan qorunmağın ən yaxşı yolu fiziki hərəkətdə olmaqdır. Ən azından gün ərzində 10 000 addım yerimək lazımdır. Hər gün 2.5 – 3 litr su içməliyik və sağlam qidalanmalıyıq. Normal qaydada səhər, günorta və axşam yeməkləri yeyilməlidir. Təbii ki, yemək vaxtları da burda önəmlidir. Sağlam həyat tərzi ilə asanlıqla şəkər xəstəliyindən qorunmaq olar.

– Şəkər xəstəliyinə tutulanlar bundnan gec xəbərdar olurlar… Müalicə cəhətdən çatışmazlıqlar var?

– Ümumiyyətlə ikinci tip diabet, yəni sonradan qazanılmış şəkər xəstəliyi gec bilinir. Çünki şəkər xəstəliyi tam yaranmamışdan öncə gizli şəkər formasında olur. Biz buna şəkəröncəsi mərhələ deyirik. Bu mərhələ isə 5 il çəkir. Xəstəlik özünü tam olaraq şəkərə keçəndə biruzə verir. Yəni 5 il sonra… Əgər həmin o 5 illik müddətdə, yəni gizlin şəkər müddətində xəstəlik aşkarlanarsa, müalicə etmək, sağaltmaq olur. Lakin artıq xəstəlik tam şəkərə keçibsə, xroniki hal alır və heç vaxt tam olaraq sağalmır. Şəkər xəstəliyi xəstənin həyat tərzinə çevrilir. Biz ancaq şəkərin səviyyəsini dərmanlar vasitəsi ilə normada saxlamağa çalışırıq. Bəs bu norma nədir? Acqarına şəkər hədəfləri var və toxqarına şəkər hədəfləri var. Ortalama acqarına şəkərlər 140-dan az olmalıdır, tox insanda – 180-dən az. Bu dərəcə isə hər gün yeməkdən evvəl və sonra yoxlanılmalıdır. Bizim xəstələrin əksəriyyəti səhər yeməkdən əvvəl öz şəkərlərini ölçürlər və həmin rəqəmə uyğun hərəkət edirlər. Düşünmürlər ki, yeməkdən sonra mənim şəkərim 140-dan az olmayacaq, artacaq. Əgər xəstə deyilən qaydalara əməl edərsə, effektini görürük. Xəstə şəkər olsa belə, xəstəlikdən əziyyət çəkmir. Çünki həyatını xəstəliyə uyğunlaşdırır. Pəhrizinə diqqət edir, vaxtlı-vaxtında dərmanlarını qəbul edir. Nəzarətsiz şəkər xəstələrində isə xəstəlik ağırlaşaraq, ürək, böyrək, göz, damar, sinir sistemini, bir sözlə, hər şeyi sıradan çıxarır. Düşünürəm ki, bu məsələdə ən böyük problem maariflənmənin az olmasıdır. Xəstə bilməməzlikdən yalnız acqarına şəkərini ölçür. Sonrada arxayın düşüb ürəyi nə istəyirsə, onu da yeyir və içir. Məsələn, nəzarətsiz bir diabet xəstəsi müraciət edir. Biz onu müayinə edib, dərmanlarını yazırıq. Bununla yanaşı, xəstə ilə 10 gündən bir əlaqə saxlayıb, vəziyyət barədə məlumat alırıq ki, şəkər hədəflərimizə çatıb-çatmadığımızı bilək. Əgər hədəfə çatmışıqsa, müalicə davam edir. 2 ay sonra təkrar müayinəyə çağrılır. Görürük ki, artıq şəkərin səviyyəsi normadadır və xəstəni incitmir. Bundan sonra mütəmadi 5-6 aydan bir müayinə olmalıdır. Amma təəssüf ki, heç kim 6 ay sonra müayinəyə gəlmir. Ümumi götürəndə şəkərlə mübarizə 4 mərhələdən ibarətdir. Birincisi, özün özünün həkimi olmalısan və öz qayğına hər kəsdən öncə qalmalısan. İkincisi, pəhrizinə diqqət yetirməlisən. Üçüncüsü, fiziki hərəkətdə olmalısan. Ən azından həftədə 3 dəfə 1 saat yürüş etməlisən. Dördüncüsü, dərmanları qəbul etməlisən. Fikir verdinizsə, dərmanlar ən sonda gəlir. İlk 3 qaydanı etməsən, dərmanların da bir faydası olmayacaq. Xəstəliyə tutulmaq istəməyən insanlar isə həftədə 3 dəfə yürüş edib, gün ərzində 2.5 – 3 litr su içib, vaxtlı-vaxtında sağlam qidanlansalar, bütün xəstəliklərin riskini minimuma endirərlər.