“Sədərəkdə dörd dəfə baha qiymətə şüşə vurdururlar” – ETİRAZ

“Sədərək Ticarət Mərkəzinin rəhbərliyi bazarda bütün sahibkarları mağazalarının qarşısına şüşə vurdurmağa məcbur edir. Deyirlər ki, bu şüşələr yanan maddələri azaltmaq məqsədi daşıyır. Hər sahibkardan obyektin kvadrat metrinə görə təxminən 200 manat pul istəyirlər ki, bu da şüşənin bazar qiymətindən təxminən 4 dəfə bahadır”.

İndex.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sədərək”də ticarətlə məşğul olan bir qrup sahibkar müraciət edib.

Onların sözlərinə görə, bu qərar sahibkarların etirazlarına səbəb olub: “İmkan vermirlər ki, hər kəs özü şüşəni obyektinə vurdursun. Kvadrat metri 200 manatdan hesablayanda bu hər sahibkara 3600 – 4000 manata başa gəlir. Halbuki sahibkar özü bunu 900-1000 manata, hətta bundan daha aşağı qiymətə hazırlatdıra bilər. Bazar rəhbərliyinin bu tələbi bazarda inhisarçılıq deməkdir. Biz buna etiraz edirik”.

Problemlə bağlı “Sədərək” Ticarət Mərkəzi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Kəmaləddin Qərib saytımıza bildirdi ki, onlara sözügedən məsələ ilə bağlı hər hansı narazılıq daxil olmayıb: “Ticarət Mərkəzi abadlaşır, müasirləşir, ona görə obyektlərin qarşısına şüşələr vurulur. “Sədərək”də baş nəzarətçilər var, onlar əksər zonalarda obyektlərə şüşələr qoyublar, heç bir narazılıq olmayıb. Kim narazıdırsa, qoy gəlsin icraçı direktora bildirsin, biz problem həll edək. Burada bütün sahibkarlara münbit şərait yaradılıb. Belə bir narazılıq yoxdur. Obyektlərə elə sahibkarların özlərinin təşəbbüsü ilə şüşə vurulub. Əvvəl çadırlar var idi, onlar sökülüb. Mağazaların araları genişlənib ki, yanğın olanda içərisinə girib-çıxanda problem yaranmasın”.